"Türk Dünyası Elm Mərkəzinin yaradılması mütərəqqi bir təşəbbüsdür"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:08 21.04.2025

Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunur.

 

 

Bu təkliflə deputat Zahid Oruc Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Türk barometri 2024" - Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud durum reallıqlar və gələcəyə baxış" mövzusunda baş tutan beynəlxalq konfransda çıxışında deyib.

 


Mövzu ilə bağlı diplomat Şahin Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki,  Türk Dünyası Elm Mərkəzinin Qarabağ Universitetində yaradılması ideyası olduqca mütərəqqi və strateji baxımdan vacib bir təşəbbüsdür:


"Bu, təkcə akademik bir təşəbbüs deyil. Eyni zamanda türk dövlətləri arasında ortaq dəyərlərin, tarix, mədəniyyətin elmi əsaslarla öyrənilməsi və inkişaf etdirilməsi üçün mühüm bir platforma ola bilər. Qarabağın yenidən qurulması və inkişafı fonunda bu cür bir mərkəzin orada yerləşdirilməsi simvolik, real baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs türk dövlətlərinin alimləri, tədqiqatçıları ,akademik qurumları arasında ortaq layihələrin həyata keçirilməsi, elmi mübadilə proqramlarının genişlənməsi və birgə nəşrlərin artırılması baxımından yeni imkanlar yarada bilər. Mərkəz, həm də türk dillərinin, tarixinin, mədəniyyətinin və ortaq sivilizasiya mirasının elmi tədqiqi, təbliği üçün birgə platforma rolunu oynayır. Bundan əlavə, yeni texnologiyalar, süni intellekt, enerji və kənd təsərrüfatı sahələrində də regional elmi əməkdaşlıq təşviq edilə bilər".

 

 

Şahin Əliyev qeyd edib ki, belə bir mərkəz Türk dövlətləri arasında elmi diplomatiyanın inkişafına, ortaq elmi siyasətin formalaşmasına və intellektual inteqrasiyaya ciddi töhfə verəcək:

 

 

"Eyni zamanda bu addım mədəni və siyasi yaxınlaşmanı da stimullaşdırar, ortaq türk kimliyinin formalaşmasına elmi müstəvidə dəstək olar. Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatında fəal liderliyi, ortaq tarixi, mədəni və siyasi dəyərlərin inteqrasiyasına verdiyi töhfələr, bu cür təşəbbüslərin gerçəkləşməsi üçün mühüm zəmin yaradır. Qarabağda belə bir mərkəzin yerləşməsi isə bu bölgənin türk dünyası üçün bir dirçəliş məkanı olduğunu sübut edəcək. 
Strateji baxımdan bölgənin beynəlxalq elm və mədəniyyət mərkəzinə çevrilməsinə xidmət edər".

 


Nuray Əliyeva