Prezident İlham Əliyev sabah Çinə səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 20:38 21.04.2025

 

Azərbaycan Prezidenti İlham Əliyev sabah Çin Xalq Respublikasının sədri Si Szinpinin dəvəti ilə bu ölkəyə səfər edəcək.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan prezidentinin Çinə səfəri hər şeydən əvvəl ona dəlalət edir ki, Azərbaycan dünyanın aparıcı ölkələri üçün etibarlı tərəfdaşdır: 

 

“Bildiyimiz kimi, Çin bu gün iqtisadi göstəricilərinə görə dünyada ilk pillələrdə yer almaqdadır və hazırda istər Avropa, istər ABŞ, istərsə də Rusiya kimi nəhəng istehlak bazarlarının təchiz olunmasında Çinin çox böyük rolu var. Ona görə də, Çin Xalq Respublikasının sədri Si Szinpinin Azərbaycan prezidentini ölkəsinə dəvət etməsi Azərbaycanın siyasi və iqtisadi potensialının növbəti göstəricisidir. Azərbaycanla Çin arasında əlaqələr bizim müstəqilliyimizin ilk illərindən qurulmağa başlayıb. Ümumiyyətlə, Azərbaycan xalqı ilə Çin xalqı arasında təmasların olduqca dərin tarixi mövcuddur. Tarixən İpək yolu vasitəsilə Azərbaycanla Çin arasında sıx təmaslar, ticarət əlaqələri mövcud olub. Təsadüfi deyil ki, bu gün tarixi İpək yolu layihəsini dəstəkləyən əsas ölkələrdən biri məhz Azərbaycandır və Azərbaycanla Çin arasında əməkdaşlığı daha dinamik edən ortaq maraqlar mövcuddur. Hər şeydən əvvəl, Çinin olduqca təsirli rol oynadığı Qlobal Cənub ölkələri içərisində Azərbaycan özünün xüsusi fəallığı ilə seçilir və Azərbaycan Cəbubi Qafqaz regionunun bütün mənalarda lokomotiv ölkəsidir. Çin üçün müasir mərhələdə nəqliyyat-logistika imkanlarının genişləndirilməsi olduqca cəlbedicidir və bu baxımdan Azərbaycanın sözügedən istiqamətdə imkanları, sözsüz ki, Çin-Azərbaycan əməkdaşlığının sürətli inkişafına xüsusi təkan verir. Azərbaycan hər zaman Çin üçün vacib olan məsələlərə həssas yanaşıb. Məsələn, Azərbaycan prezidenti də dəfələrlə vurğulayıb ki, Azərbaycan vahid Çin ideyasını dəstəkləyir. Bu məsələ Çin üçün çox vacib əhəmiyyət kəsb edir və Tayvan məsələsi üzərindən Qərb Çinə qarşı təhlükəli planlar həyata keçirməyə cəhd göstərib. Amma Azərbaycan bu məsələdə vahid Çin ideyasını dəstəkləyir. Xatırladım ki, 2024-cü ildə Azərbaycan prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında görüş zamanı Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Bu çox önəmlidir, çünki dünyanın aparıcı iqtisadiyyatına sahib olan bir ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması bizim gələcək iqtisadi iştirakçılıq imkanlarımızın genişlənməsi baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Çin Xalq Respublikasının sədrinin dəvəti ilə Azərbaycan prezidentinin Çinə səfər etməsi Azərbaycan-Çin münasibətlərinə xüsusi təkan verəcək və Çinin təsirli rola malik olduğu platformalarda Azərbaycanın yerini möhkəmləndirəcəkdir”.

 

Ekspertin fikrincə, Azərbaycan-Çin münasibətləri yaxın illərdə daha da genişlənəcək:

 

“Bilirik ki, Azərbaycan Çinin də çox fəal olduğu “BRİCS”ə üzv olmaq üçün müraciət edib. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycan qonaq statusunda iştirak edir. Azərbaycan prezidenti dəvət alır. Bu platformalar çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi üçün kifayət qədər real imkanlar mövcuddur. Azərbaycan 4 il Qoşulmama Hərəkatına rəhbərlik etdi və bu çərçivədə də Çinin fəallığı həmişə göz önündə olub. Qoşulmama Hərəkatının üzv dövlətlərindən biri olmaqla Azərbaycanın sədrliyi dövründə də Çin-Azərbaycan təmasları üçün münbit şərait mövcud idi. Beləliklə, Azərbaycanla Çin arasındaki təmasların hazırki səviyyəsi gələcəklə bağlı olduqca nikbin fikirlər söyləməyə imkan verir və gələcəkdə Avrasiyanın nəqliyyat logistika xəritəsinin yenilənməsində də Azərbaycan-Çin əməkdaşlığının çox böyük rolu olacaq. Məhz Azərbaycanın malik olduğu nəqliyyat logistika infrastrukturu Çin istehsalı olan malların Avropa bazarlarına daha az xərclə, qısa zaman kəsiyində çatdırılmasına imkan yaradır və bu imkanlar gələcəkdə daha da genişlənəcək. Bakı-Tbilisi-Qars dəmiryolunun yük ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə genişləndirilməkdədir və gələcəkdə Azərbaycanın iştirakı ilə regionda yeni nəqliyyat-logistika imkanları formalaşdırılacaqdır. “Orta dəhliz” ideyası reallaşdırıldıqdan sonra, xüsusilə də nəqliyyat-logistika sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığı ciddi şəkildə genişlənəcək. Bu mənada Azərbaycan-Çin əlaqələrində yeni çalarlar görəcəyik”.

 

Lalə Qurbanlı