Türkiyə, Fələstin arasında görüş keçirildi-ŞƏRH

Tarix: 21:30 21.04.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS nümayəndə heyəti ilə görüşüb. Görüşdə Yaxın Şərqdəki vəziyyət, Qəzzada daimi atəşkəsin təmin olunması və humanitar yardımın qarşısının alınmasının fəsadları müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanov "İnformator.az"a açıqlamasında bildirib ki, bu görüş Türkiyənin Orta Şərqdəki diplomatik rolunu gücləndirəcək təsirlərə malik olmaqla yanaşı onun Fələstin məsələsindəki liderliyini də nümayiş etdirən önəmli məqamlardan biridir:
"Türkiyə Həmas ilə əlaqələrini, eləcə də Qəzza zolağındakı humanitar böhranın həlli üçün beynəlxalq dəstək toplamaq səylərini davam etdirir. Təbii ki, bütün bu addımlar regional təhlükəsizlik nöqteyi-nəzərindən müsbət təsirlərə malikdir. Görüşdə əsasən Qəzzada atəşkəsin təmin edilməsi, əsirlərin mübadiləsi, həmçinin münaqişə zonasında humanitar vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin müzakirə olunduğu bildirilir. Nəticə etibarilə, bu qəbildən olan müzakirələr mütləq şəkildə gərginliyin azaldılmasına və humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verən məqamlar olaraq nəzərdən keçirilməlidir".
Ayşən Səlimova