"Vatikanın dövlət katibinin Papa seçilməsi ehtimalı böyükdür"

Tarix: 21:35 21.04.2025
Roma Papası fevralın əvvəlindən xəstəxanada müalicə alıb. O, ikitərəfli pnevmoniya və digər infeksiyalardan müalicə edilib. Müalicə müddətində səhhəti bir neçə dəfə pisləşsə də, sonradan vəziyyəti sabitləşib. Bir neçə gün əvvəl isə Papa Fransisk ictimaiyyət arasında görünüb. Onun bu gün səhər saatlarında öz iqamətgahında öldüyü bildirilib.
Mövzu ilə əlaqədar politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Papa Fransisk islahatçı bir lider kimi tanınırdı:
“Roma Papasının vəfatı ilə bağlı qeyd etmək lazımdır ki, Fransisk artıq 12 ildir ki, Roma Katolik kilsəsinin başçısı vəzifəsində fəaliyyət göstərirdi. Onun həm daxili islahatları, həm də beynəlxalq aləmdəki fəaliyyətləri gündəmi zəbt etmişdi. O, həm də islahatçı rəhbər kimi tanınırdı. Onun institusional sahədə etdiyi islahatlar, Kardinallar Kollegiyasına islahatlar aparması, qadınların hüquqlarına diqqət ayırması, qadın nazirlər təyin etməsi, katolik kilsəsinin təhsil sistemində həyata keçirdiyi islahatlar onu islahatçı bir lider kimi tanıdır. Həmçinin əvvəlki Roma papalarından fərqli olaraq, Fransisk ənənəvi deyil, daha çox müasir tendensiyaları özündə birləşdirən elementləri Roma katolik kilsəsinə cəlb etmiş, hətta öz dəfn yeri kimi Vatikanı deyil, Vatikandan kənarda yerləşən “Basilica di Santa Maria Maggiore” adlı yeri seçmişdir”.
Ekspert, Vatikanın beynəlxalq aləmdəki fəaliyyətinin lazımlı səviyyədə olmadığını qeyd edib:
“Papa Fransiskin islahatları müsbət qiymətləndirilə bilər. Amma düşünürəm ki, Vatikanın beynəlxalq aləmdəki fəaliyyəti lazımi səviyyədə deyildi. Onun zamanında Rusiya-Ukrayna müharibəsi baş verdi, bu günə kimi davam edir. Yaxın Orta Şərqdəki proseslərin şahidi oluruq. Düzdür, Vatikan bu məsələlərin həllində müəyyən cəhdlər etməyə çalışdı, amma heç biri lazımi nəticə vermədi. Sadəcə ABŞ-Kuba arasındakı münasibətlərin nizamlanmasında müəyyən qədər Vatikanın rolu olub”.
Politoloq bildirilib ki, gələcəkdəki Papa Vatikanın dövlət katibi ola bilər:
“Papanın ölümü ilə Katolik kilsəsinin gələcəkdəki lider seçimi ilə bağlı elə də dəyişiklik olmayacaq. Bu, ənənəvi bir haldır, Papa vəfat etdikdən sonra Kardinallar Kollegiyasının görüşü baş tutur və orada Papa seçilir. Hətta bir ənənə var ki, bacadan tüstü çıxarsa, Papa seçilməyib, seçkilər uğursuzluqla nəticələnib, ağ tüstü çıxarsa, deməli, Papa seçilib. Papanın seçilməsi ilə bağlı fərqli versiyalar var. Hazırda kifayət qədər güclü fiqur olan, Vatikanın dövlət katibi Pietro Parolinin seçilməsi ehtimalı böyükdür”.
Lalə Qurbanlı