İstanbuldan gələn titrəyişlər -Azərbaycan üçün xəbərdarlıq siqnalıdır?

Tarix: 21:15 23.04.2025
Zəlzələlər dünyanın bir çox bölgələrində olduğu kimi, Cənubi Qafqaz və Aralıq dənizi hövzəsində də ciddi təhlükə mənbəyidir. Son illərdə regionda baş verən seysmik hadisələr bir daha göstərdi ki, tikinti sahəsində təhlükəsizlik məsələləri hər zamankindən daha vacibdir.
Məsələ ilə bağlı seysmoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İstanbulda baş verən zəlzələ, əslində, təkcə Türkiyə üçün deyil, bütövlükdə bölgə üçün xəbərdarlıq siqnalıdır. Bu cür təkanlar Aralıq və Egey dənizi sahillərində baş verən zəlzələlərin davamıdır və həmin ərazilər tarixi olaraq aktiv seysmik zonada yerləşir:
"Həmin bölgələrdə, o cümlədən Yunanıstanda ard-arda orta güclü zəlzələlərin baş verməsi artıq böyük bir zəlzələnin xəbərçisi idi. Bu, təbiətin ciddi xəbərdarlığı idi. Ümumiyyətlə, həmin ərazi tamamilə zəlzələ zonasına aiddir və bizim region kimi böyük bir zəlzələ qurşağının tərkib hissəsidir. Tarixən bu ərazilərdə tez-tez zəlzələlər baş verib. Ən vacib məqam odur ki, bu bölgədə yerləşən qədim sivilizasiyaların bir hissəsi hazırda hətta suyun altında qalmış vəziyyətdədir.Hazırda Türkiyədə baş verən zəlzələ əslində Yunanıstandakı zəlzələlər silsiləsinin bir hissəsidir. Bildiyiniz kimi, bu bölgəni Afrika və Ərəbistan litosfer tavaları şimala doğru sıxmaqdadır və bu da həmin ərazilərdə zəlzələlərin baş verməsini tamamilə qanunauyğun edir – bu, elmi cəhətdən sübut olunmuş bir faktdır. Lakin bu zəlzələlərin nə vaxt və hansı gücdə baş verəcəyini dəqiq müəyyənləşdirmək olduqca çətindir".
Ekspert həmçinin qeyd edib ki, zəlzələ riskinin artdığı indiki dövrdə Bakı və digər böyük şəhərlərdə binaların zəlzələyə davamlılığı ilə bağlı narahatlıqlar gündəmə gəlməkdədir:
"Zəlzələ baş verəcəyi halda nəticələri öncədən dəqiq proqnozlaşdırmaq çox çətindir. Ola bilər ki, eyni şərtlərdə inşa olunan iki binadan biri ciddi zədələnsin, digəri isə zərər görməsin. Türkiyə tikinti texnologiyaları sahəsində dünyada nüfuz qazansa da, son zəlzələlər zamanı dağıntıların miqyası, istifadə olunan materialların və tikinti keyfiyyətinin bəzən nə qədər zəif olduğunu göstərdi. Belə hallar təkcə tikinti sahəsində deyil, eyni zamanda ictimai məsuliyyət baxımından da narahatlıq doğurur.Bu cür dəyərləndirmələr fövqəladə hallar orqanları və müvafiq tikinti qurumları ilə birgə, mütəxəssis səviyyəsində aparılmalıdır. Amma təəssüf ki, bəzən tikinti sahəsində olan şəxslər öz layihələrini ən yaxşı kimi təqdim edir, halbuki onların bu barədə ciddi texniki bilikləri olmur.Binalar bir-birinə çox yaxın, sıx şəkildə inşa olunur və bu, təhlükə mənbəyidir. Minimum məsafələrə riayət olunmasa tikilən binalar zəlzələ zamanı daha ciddi fəsadlara səbəb ola bilər".
Güllər Gülhüseynova