Qadınların döyüş və müharibə tarixindəki rolu

Tarix: 21:18 23.04.2025
Tarixdə qadınlar təkcə ana və arxa cəbhə deyildilər – onlar bəzən ordulara başçılıq edir, imperiyalar qurur, savaş meydanlarını dəyişdirirdilər.
Mövzu ilə bağlı tarixçi Zaur Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki,qədim türklərdə qadınların rolu çox böyük idi. Xatun rütbəsi xaqan rütbəsi qədər ali və yüksək idi. Türk qadını döyüşdə ərinin yanında silahla döyüşürdü:
"Filosof Heyninin “dünyanı qadınlar idarə edir, ancaq tarix kişilərin adına yazılır” sözü əslində Azərbaycan qadınına aid deyil. Azərbaycan tarixində qadınların rolu kişilər qədər bərabər olub. Tariximizdə qadınların qoyduğu izlər nəzər salsaq görərik ki, Azərbaycan qadını həm sərkərdə, həm lider, həm siyasətçi,həm də gözəl ana obrazında olublar.Tariximizdə ilk qadın sərkərdə Tomris Xatun olub. e.ə. 530 - cu ildə baş vermiş döyüş nəticəsində Kirin qoşunları tamamilə darmadağın edilmiş, Tomiris öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamışdı.Roma imperiyası zamanı qədim Azərbaycan dövləti olan Albaniyaya olan yürüş zamanı qadın döyüşçülərin də adı tarixçilər tərəfindən çəkilir.Roma tarixçisi Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra "girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi".Ərəb xilafətinə qarşı müharibədə Babəkin xanımı Zərnisə, XII əsrdə Atabəylər dövlətində Möminə xatun yenilməz iradəli qadın , uzaqgörən diplomat olmuşdur . Atabəylər dövlətinin başında duran Məhəmməd Cahan Pəhləvanın və onun ölümündən sonra Sultan Qızıl Arslanın arvadı olmuş İnanc xanım, sonuncu Atabəy Özbəyin arvadı Mehrcan xanım böyük siyasi və dövlət xadimləri olmuşdurlar.Məhsəti Gəncəvi dövrün rejiminə üsyankar şairə qadın, ilk diplomat xanım Sara Xatun, Şah İsmayıl kimi sərkərdənin dünyaya gətirən Alamşahbəyim, Şah İsmayılın xanımı Taclıbəyim, I Şah Təhmasibin qızı Pərixan xanım, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Qubalı Fətəli xanın arvadı Tuti Bikə, Gəncəli Cavad xanın arvadı Bəyim xanım, Şuşada bütün xeyriyyə işlərinə rəhbərlik edən və çoxsaylı mədəni abidələri tikdirən Gövhər Ağa, Qəzvində babilərin başında duran Zərrintac xanım, 1898-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində üsyana rəhbərlik edən Zeynəb xanım, Azərbaycan qaçaq hərəkatına rəhbərlik edən Gülsüm xanım, ermənilərə qarşı savaşan Tavat xanım, Qaçaq Nəbinin xanımı Həcər xanım, Əhməd bəy Cavanşirin qızı Həmidə xanım , Həsənbəy Zərdabinin qızı Pəri xanım, ilk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova,ilk peşəkar opera müğənniləri Fatma Muxtarova və Şövkət Məmmədova, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayeva, ilk qadın məktəbinin direktoru Hənifə xanım Məlikova, Cəfər Cabbarının xanımı Sona, Əhməd Cavadın xanımı Şükriyyə, Mikayıl Müşfiqin xanımı Dilbər, Azərbaycanın ilk qadın yazıçılarından, maarifçi Şəfiqə Əfəndizadə, Cümhuriyyət dövründə böyük bir dəstəyə rəhbərlik edən və dövləti qoruyan Lənkəranda xan qızı Tuğra xanım və daha yüzlərlə xanımın adını çəkmək olar. Bu xanımlar Azərbaycan dövlətçiliyinin qoruyan, Azərbaycan mədəniyyətini dünyaya çatdıran, xalqın maariflənməsində və milli dəyərlərin qorunmasında mühüm rol oynayıblar. Azərbaycan Cümhuriyyəti Sovet dövründə də qadınlarımız Mübariz ruhlu insanlar olublar. Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan, Heyran xanım, Nigar Rəfibəyli kimi şairələrin də tariximizdə qoyduğu izləri unutmaq olmaz.Əminə Dilbazi, Əzizə Cəfərzadə, Sara Aşurbəyli kimi mədəniyyət və elm xadimlərini də mütləq yada salmaq lazımdır. Caz-muqam sintezini əldə edən bəstəkar Firəngiz Əlizadə,ilk heykəltəraş qadınlar Elmira Hüseynova , Münəvvər Rzayeva kimi xanımlar da tariximizin bir parçasıdır.
Ekspert Azərbaycan qadınlarının qəhrəmanlığından və cəsarətindən də söz açıb:
"İkinci dünya müharibəsində, Birinci Qarabağ və ikinci Qarabağ müharibəsində də onlarla Azərbaycan xanımı döyüşlərdə iştirak ediblər və adlarını tariximizə qızıl hərflərlə yazdırıblar. İkinci dünya müharibəsi zamanı 30 min Azərbaycan qadını faşizmə qarşı müharibə aparırdı. Azərbaycan alimlərindən konstruktor İsmət Mehdiyevanın, bioloq Dilşad Muğalinskayanın,həkim Sonaxanım Vəlixanovanın, ilk gəmi kapitanı Şövkət Səlimova,“partizan həkimi” ləqəbli Aliyə Rüstəmbəyova, 129 alman əsgərini öldürən Azərbaycanın ilk nişançı qadını Ziba Qəniyeva,tibb bacısı Əsmər Həsənova və başqalarının fəaliyyəti həm ön cəbhədə, həm də arxa cəbhədə böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda Azərbaycan tarixində, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyovanın, təyyarəçilər Ziba Dadaşovanın, Zərifə Qasımovanın, baş leytenant Dürrə Məmmədovanın, kəşfiyyatçı Mariya Rzayevanın adlarını çəkməmək olmur. Qarabağ müharibəsi zamanı Milli qəhrəmanlar - Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, Vəfa Mansurova və Sücaət İsgəndərova, müstəqil Azərbaycanın ilk qadın nişançısı Növrəstə Yusifovanın, 18 yaşında qadınların müharibədə iştirakına qadağa qoyulduğu üçün saçlarını kəsən 1991-ci ildə Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edən Kəmalə Qəhrəmanovanın, kəşfiyyatçı Gülarə Musayevanın, qadın snayper Şükufə Musayevanın, Qarabağ müharibəsi veteranı İradə Abbasın, Şuşa Özünümüdafiə batalyonunun Kərkicahan rotasında kəşfiyyatçı olmuş Xanımzər Həsənovanın və ikinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın da Azərbaycan tarixində öz yerləri və imzaları vardır.
Biz bu siyahını uzada da bilərik. Çünki Azərbaycan qadını dünya qadınlarının içərisində qəhrəmanlığı, əxlaqı, mədəniyyəti, ailəcanlığı, istedadı və gözəliyi ilə seçilib və seçiləcəkdir".
Nəzrin Məmmədova