Övrə xəstəliyi nədir?-Dermatoveneroloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:32 23.04.2025

“Övrə xəstəliyi dərinin allergik xəstəliyi hesab olunur. Xroniki, kəskin, idiopatik, dermoqrofik övrə kimi tanınır. Övrə xəstəliyi yaz və payız aylarında müəyyən ağacların, bitkilərin tozlanan dövründə kəskinləşir. Övrə xəstəliyinə diaqnoz qoymaq çox da çətin deyil. Dəridə yaranan səpkilərdə qaşınma olur, bəzi hallarda dəridə heç bir patoloji element görməsək belə, pasiyentdə heç bir səpki olmadan qaşınma olur və qaşıdıqda dırnaq izləri köpəşir və bu qırmızı dermoqrafizm simptomudur”.

 


Bu sözləri dermatoveneroloq Sevinc Kərimova “İnformator.az”a açıqlamasında bildirib.

 


Müsahib qeyd edib ki, qan analizləri etməklə övrənin qanda yaratdığı dəyişiklikləri görmək mümkündür:

 

“Övrə allergik vəziyyət olduğu üçün burada genetik faktor rol oynayır, amma genetik faktor olmadan da insanlar bu xəstəlikdən əziyyət çəkə bilərlər. Bəzən öd daşı, öddə xolesistit, qəbizlik faktorları və digər səbəblərdən də övrə xəstəliyi özünü biruzə verə bilir”.

 


Müsahibin sözlərinə görə, xəstəliyin yaranmasında qida faktoru, müəyyən kimyəvi vasitələrlə kontaktlar, parfümlər rol oynayır:

 

“Pasiyetlər bütün bunları nəzərə almalıdırlar  ki, övrə xəstəliyindən əziyyət çəkməsinlər. Övrənin bir qolu kvinke ödemidir və daha təhlükəli formadır. Dil şişkinliyi, udlaq və qırtlaqda tosqun hüceyrələrinin ödemi səbəbindən nəfəsalma, tənəffüs çətinləşir və ölümlə nəticələnə bilən ən ağır forma hesab olunur”.


Nərmin Həşimova