Almaniyada Eurofighter qərarını Merz verəcək-Türkiyəyə satış hələ də gündəmdədir

Tarix: 19:06 24.04.2025
Almaniyada Eurofighter döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı son qərarın gələn ay vəzifəyə başlayacaq Fridrix Mers hökumətinin verəcəyi gözlənilir.
BBC Türkçeye danışan Almaniya hökumətindəki mənbələr, bir müddət əvvəl mətbuatda yayılan “Şolts hökuməti Türkiyəyə Eurofighter satışını veto edib” xəbərlərinin həqiqəti əks etdirmədiyini bildiriblər. Silah ixracı lisenziyalarının verilməsinə cavabdeh olan Almaniya İqtisadiyyat Nazirliyi də veto iddiaları ilə bağlı BBC Türkçeye açıqlamasında, müdafiə ixracatı ilə bağlı vacib qərarların gələn ay vəzifəyə başlayacaq yeni hökumətin verəcəyinə işarə edib. 23 fevral seçkilərindən sonra yeni hökumətin iş başına gələcəyini xatırladan nazirlik, hazırkı hökumətin müvəqqəti olaraq vəzifəsini davam etdirdiyini, yeni hökumətin mühüm müdafiə layihələri ilə bağlı mümkün qərarları barədə heç bir bəyanat verilməyəcəyini bildirib. Almaniyada silah ixracı ilə bağlı qərarları Federal Təhlükəsizlik Şurası qəbul edir. Mənbələr yaxın vaxtlarda Eurofighter mövzusunda yeni bir şura iclasının keçirilmədiyini, buna görə də satışa veto qərarının olmadığını qeyd edir.
Federal Təhlükəsizlik Şurası baş nazirin rəhbərliyi ilə, xarici işlər, müdafiə, daxili işlər, ədliyyə, maliyyə və iqtisadiyyat nazirlərinin iştirakı ilə toplanır. Şuranın məsləhətçi üzvləri arasında Baş Qərargah rəisi də yer alır. Şuranın fəaliyyəti, qiymətləndirmələri və qərarları barədə məxfilik qərarı olduğu üçün ictimaiyyət adətən hökumətin müdafiə sənayesi ixracatlarına verdiyi təsdiqlərdən yalnız satışlar həyata keçirildikdən sonra, hökumətin Federal Məclisi məlumatlandırması ilə xəbərdar ola bilir.
Mənbə: BBC News
Fatimə Heydərova