Hərbi Strategiyalar və Psixoloji Döyüş

Bölmə: Sosial › ,
Tarix: 22:00 24.04.2025

 

Müasir döyüşlər təkcə silahla yox, zehnlə də aparılır. Psixoloji döyüşlər, düşmənin ruhunu sarsıtmaq, qorxu və çaşqınlıq yaratmaq üzərinə qurulub. Bu yeni nəsil savaşda güllə atmadan qalib gəlmək mümkündür – əsas odur ki, beyinlərə nəzarət edilə bilsin.

 

Mövzu ilə bağlı psixoloq Gülşən İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, psixoloji müharibə digər müharibələrdən üstündür.Çünki bu zaman qarşınızdaki düşməninizi yalnız qol gücü ilə deyil,ağlınız ilə manipulyasiya edirsiniz və onun iradəsini sındıra bilirsiniz:

 

"Psixoloji müharibə fiziki qarşıdurmaya ehtiyac duymadan düşmənin iradəsini qırmağı hədəfləyir.Resurs itkisinin azlığı, sürətin nəticə əldə etmə imkanı və geniş auditoriyaya təsir etməsi onun klassik döyüş strategiyalarından üstün edir.Klassik döyük dedikdə ağlımıza ilk gələn,təbii ki, silahlı və itkilər ilə olan döyüşdür.Məhz, buna görə psixoloji müharibənin üstünlüyü digər döyüşlərdən daha çoxdur.Rəqibin ruhunu sındırmaq üçün bir çox üsullar vardır. Bunların içərisində dezinformasiya yaymaq, qorxu və qeyri-müəyyənlik yaratmaq, təbliğat , Sosial Media manipulyasiyası , liderləri hədəfə almaq və ictimai dəstəyi zəiflətmək kimi üsullarla rəqibin psixoloji dayanıqlığını zəiflətmək mümkündür.

 

Xüsusi təyinatlıların psixoloji vəziyyəti,təbii ki , uzunmüddətli və sistemli şəkildə həyata keçirilir.Təlimlər ,davamlılıq testləri, psixoloji dəstək,liderlik və qərarvermə qabiliyyətinin inkişafı və s. bu prosesin əsas hissələridir".

 

Ekspert 5-ci nəsil müharibəsindən də söz açıb:

 

"5-ci nəsil müharibə açıq döyüşlərdən çox,informasiya və texnologiya üzərindən aparılan müharibədir.Yəni , burada informasiya ictimai rəyin dəyişdirilməsi, ictimai sabitliyin pozulması və strateji manipulyasiya vasitəsi kimi istifadə olunur.Sosial şəbəkələr və Media bu silahın əsas platformalarıdır".

 

Nəzrin Məmmədova