Bəzi çaylarda sululuq səviyyəsi artıb

Bölmə: Sosial › ,
Tarix: 22:07 24.04.2025

Avtomat hidroloji stansiyaların 22 aprel saat 09:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq səviyyəsinin artımı müşahidə olunub. Məlumata görə, Böyük Qafqaz ərazisindən axan Vəlvələçay–Afurcada 21 sm, Katexçay–Qəbizdərədə 11 sm, Qudiyalçay–Qımılda 10 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay–Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay–Vəngdə 14 sm, Tərtərçay–Kəlbəcərdə 13 sm, Bərgüşadçay–Əliquluuşağıda 11 sm, Oxçuçay–Bürünlüdə 8 sm, Zabuxçay–Bozlu və Tutqunçay–Comərddə isə 4 sm artım qeydə alınıb.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, avtomat hidroloji stansiyaların müşahidələri tam avtomatik rejimdə həyata keçirilir:

 

"Bu sistem Azərbaycanda son illərdə tətbiq olunmağa başlayıb və xüsusilə 2020-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha geniş şəkildə istifadəyə verilib. Suyun səviyyəsindəki dəyişikliklər, eləcə də tərkibi bu stansiyalar vasitəsilə müşahidə olunur".

 

Ekoloqun sözlərinə görə, bu hidroloji stansiyaların bir qismi işğaldan azad olunmuş ərazilərdə yerləşir:

 

"Ermənistandan gələn transsərhəd çaylarda da belə qurğular quraşdırılıb və burada həm suyun çirklənmə səviyyəsi, həm də sululuq diqqətlə izlənilir. Hazırda bahar fəslidir və dağlıq ərazilərdə qar örtüyünün olmaması səbəbindən aşağı zonalarda gur sululuq müşahidə olunur. Lakin çaylarda müşahidə edilən artım müvəqqətidir və yaxın zamanda azalma gözlənilir. Bu səbəbdən müxtəlif qurumlar, xüsusilə də Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə ciddi nəzarət etməlidirlər”, – deyə o bildirib.

 

Qorxmaz İbrahimli əlavə edib ki, bir neçə il əvvəl Kür çayında sululuq səviyyəsi xeyli yüksəlmiş, Mingəçevir su anbarında suyun miqdarı ən yüksək həddə çatmışdı. Hazırda isə belə bir kritik vəziyyət müşahidə olunmur.

 

Aygün Babayeva