Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir

Tarix: 22:10 24.04.2025
İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkətinin təqdim etdiyi "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında texnoloq Elvin Həsənov bildirib ki, Azərbaycan üçün MCS layihəsinin tətbiqi bir neçə sahədə ciddi irəliləyişə səbəb ola bilər:
"Azərbaycanın İsrailin peyk texnologiyasına maraq göstərməsi tamamilə məntiqlidir. Ölkəmiz coğrafi və geosiyasi baxımdan mühüm mövqedə yerləşir və informasiya təhlükəsizliyi, müdafiə texnologiyaları rəqəmsal infrastrukturun inkişafı kimi sahələrdə müasir texnoloji həllərə ehtiyac duyur. Peyk texnologiyaları bu sahələrdə strateji üstünlük və müstəqil informasiya axını üçün əvəzsiz vasitədir. İsrail bu sahədə qabaqcıl ölkələrdəndir və "Israel Aerospace Industries" (IAI) şirkətinin təqdim etdiyi "Mini Communication Satellite" (MCS) layihəsi az resursla yüksək nəticə əldə etməyə imkan verən müasir və səmərəli texnologiyadır. MCS layihəsinin əsas üstünlüyü onun kiçik ölçülü olmasına baxmayaraq geniş əhatə dairəsinə malik olmasıdır. Bu peyklər az enerji ilə işləyir, tez orbitə buraxıla bilir və yüksək keyfiyyətli rabitə xidməti təqdim edir. Ən önəmlisi isə bu peyklər real vaxt rejimində məlumat ötürə bilir ki, bu da fövqəladə hallar, təhlükəsizlik və operativ idarəetmə üçün çox vacibdir. Düşünürəm ki, Azərbaycan üçün MCS layihəsinin tətbiqi bir neçə sahədə ciddi irəliləyişə səbəb ola bilər. Məsələn, fövqəladə hallar zamanı, təbii fəlakətlər və ya şəbəkə infrastrukturunun sıradan çıxdığı vəziyyətlərdə alternativ rabitə kanalı kimi MCS peykləri operativ həll təklif edə bilər".
Qəmər Kazımzadə