"Buraxılış imtahanlarının nəticələri dəyişməyib"-Məleykə Abbaszadə

Bölmə: Sosial › ,
Tarix: 22:46 24.04.2025

"Buraxılış imtahanlarının nəticəsi ötən illə eynidir",- bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

 

O bildirib ki, buraxılış imtahanında məzunların nəticələri ötən illə müqayisədə təxminən eyni səviyyədədir:

 

Azərbaycan dili üzrə nəticələr daha da yaxşılaşıb, riyaziyyat ötən ilki vəziyyətlə eynidir, xarici dil isə keçən ilə bənzərdir”.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a açıqlamasında bildirib ki, buraxılış imtahanının nəticələrinin ötən illə eyni olması, xüsusilə Azərbaycan dili üzrə göstəricilərin yaxşılaşması, son illər ərzində – həm ötən il, həm də bu il abituriyentlərin biliklərində qeydə alınan müsbət dinamikanı göstərir. Bu, onu göstərir ki, abituriyentlər əvvəlki illərlə müqayisədə imtahan prosesinə tədricən daha yaxşı adaptasiya olurlar:

 

“Onlar artıq sualların quruluşu, imtahan mövzuları və bu kimi məsələlər barədə daha dolğun məlumata sahibdirlər. Belə olan halda şagirdlər sualları daha yaxşı cavablandırırlar. Konkret olaraq demək mümkündür ki, son dövrlərdə müəllimlərin sertifikasiya prosesinə cəlb olunması da bu nəticələrin yüksəlməsində mühüm rol oynayır. Məsələn, abituriyentlər həm repetitor hazırlığında, həm də məktəbdə müəllimlərdən bilik alarkən, həmin müəllimlər sertifikasiyaya hazırlaşdıqları üçün özlərini daha da inkişaf etdirirlər. Bu da şagirdlərin nəticələrinə müsbət təsir göstərir.

 

Sertifikasiya prosesi müəllimlərin bilik və bacarıqlarının inkişafına təkan verir və onlar öyrətdikləri informasiyanı daha dəqiq və dolğun şəkildə çatdıra bilirlər. Ümumilikdə, bu ilki buraxılış imtahanlarının nəticələrinin yüksək olması, qəbul imtahanlarında keçid ballarına da təsir göstərə bilər. Xüsusilə tədrisi ingilis dilində olan ixtisaslarda balların yüksəlməsi gözlənilir. Bununla yanaşı, bəzi 150 ballıq ixtisaslarda isə enmələr müşahidə oluna bilər”.

 

Nigar Həsənzadə