Pakistandan sərt xəbərdarlıq

Bölmə: Dünya › ,
Tarix: 23:29 24.04.2025

 

Pakistan: Hindistanın İndus hövzəsində su axınını dayandırmağa və ya istiqamətini dəyişməyə yönəlmiş istənilən addımı müharibə səbəbi sayılacaq.

 

Pakistan Baş Nazirliyindən verilən açıqlamada, Cammu və Kəşmirdə baş vermiş terror hücumundan sonra Baş nazir Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (NSC) iclasında qəbul edilən qərarlara yer verilib.

 

Hindistanın “İndus Suları Sazişi”ni birtərəfli qaydada dayandırmaq qərarı rədd edilib və sazişin regional sabitlik üçün əhəmiyyət daşıdığı vurğulanıb. Pakistanın su hüquqlarını qorumaq istiqamətindəki qətiyyətinin altı cızılıb.

 

Açıqlamada qeyd olunub ki, İndus Suları Sazişinə əsasən, hüquqi baxımdan Pakistana aid olan çayların axınının dəyişdirilməsinə yönəlmiş hər hansı bir təşəbbüs qəbuledilməzdir. “Pakistana məxsus suyun axınının qarşısının alınması və ya istiqamətinin dəyişdirilməsi müharibə elanı kimi qəbul ediləcək",– deyə bildirilib.

 

Açıqlamada həmçinin qeyd olunub ki, Hindistanın İslamabaddakı diplomatik heyətinə 30 aprel tarixindən etibarən maksimum 30 nəfərlik kvota məhdudiyyəti tətbiq olunacaq və Pakistan hava məkanı Hindistana məxsus və ya Hindistan tərəfindən idarə olunan bütün uçuşlara bağlanacaq.

 

Hindistanla aparılan bütün ticarətin dayandırıldığı və iki ölkə arasındakı Vahga Sərhəd Keçid Məntəqəsinin dərhal bağlanacağı bildirilib.

 

Pahalgam terror hücumu

 

Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalgam bölgəsində 22 aprel tarixində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

 

Terror hücumundan sonra Hindistan Baş naziri Narendra Modi Səudiyyə Ərəbistana etdiyi rəsmi səfəri yarımçıq saxlayaraq Yeni Dehliyə qayıdıb. Paytaxta çatdıqdan dərhal sonra vəziyyəti dəyərləndirmək üçün yüksək səviyyəli rəsmilərin iştirakı ilə təhlükəsizlik iclası keçirib.

 

Milli mətbuatda yayılan xəbərlərə görə, Pakistanın qadağan olunmuş “Ləşkər-i Təyyibə” (LET) təşkilatının bir qolu olan “Dirəniş Cəbhəsi” (TRF) hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Hindistan “İndus Suları Sazişi”ni dayandırdığını elan edib, Yeni Dehlidəki Pakistan səfirliyində çalışan attaşelərin bir həftə ərzində ölkəni tərk etmələrini tələb edib və bütün Pakistan vətəndaşlarına verilən vizaları ləğv edib.

 

İndus Suları Sazişi

 

Pakistan və Hindistan arasında “İndus Suları Sazişi” Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanıb.

 

Sazişə görə, İndus çayını bəsləyən 6 çaydan Beas, Ravi və Sutlej Hindistana, Indus, Jhelum və Chenab isə Pakistana verilib. Hindistana verilən çaylar İndusu daha çox bəslədiyindən, bu çaylar üzərində Pakistana da müəyyən hüquqlar tanınıb. Sazişə Hindistanın enerji istehsalı, kənd təsərrüfatı və balıqçılıqla bağlı hüquqları da daxil edilib.

 

Pakistan, Hindistanın bu üç çaydan axan suyu bölüşmək öhdəliyinə baxmayaraq, su axınına mane olan bənd layihələri səbəbindən 2019-cu ildə Dünya Bankına şikayət edib.

 

Buna baxmayaraq, Hindistan 2007-ci ildə inşasına başladığı Kişanganga bəndini 2018-ci ildə Baş nazir Narendra Modinin iştirakı ilə istifadəyə verib. Ratle bəndinin isə 2026-cı ildə açılması planlaşdırılır. Hindistan bu layihələrin sazişə uyğun olduğunu iddia edir.

 

Hindistanın tikdiyi bəndlər Pakistanda su qıtlığı və ya daşqın riski yaradır. Pakistan iqtisadiyyatının 20 faizi İndus çayı ətrafındakı fəaliyyətlərə bağlıdır.

 

TRT XƏBƏR

Günel Verdiyeva