"ABŞ münaqişəyə son qoymaq istəyir" -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:38 02.05.2025

" ABŞ növbəti 100 gün ərzində Ukraynada münaqişə tərəfləri arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir".

Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.
"Bizim sülh təklifimiz var. Moskva və Kiyevin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün iş görülməlidir, çünki rusiyalıların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük uçurum var", - deyə o vurğulayıb.



Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezident Trampın simasında Rusiya-Ukrayna münaqişəsini aradan qaldırmağa cəhd elədi:


"Tramp qeyd edirdi ki, mən 24 saatda, 3 ayda, 1 ayda Rusiya-Ukrayna savaşını dayandıracam. Amma buna nail ola bilmədi. Çünki bu Trampın düşündüyü kimi deyil. Tramp bu məsələləri başqa cür təsəvvür edirdi. Hesab edirdi ki, anlaşma olar. Biznes, ticarət, sövdələşmə hər şeyi həll edir. Hamı bir araya gələr, atəşkəs olar, hamı qazanar, hamı yaşayar. Amma Trampın bu düşüncələri özünü doğrultmadı. İndi artıq Amerika belə bir təkliflə çıxış edir ki, biz vasitəçilikdən çıxış edirik. Tərəflər özləri birbaşa danışmalıdırlar. Burada da düşünürlər ki, tərəflər vasitəçi olmadan dil taparlar. Bu təklifin meydana çıxmasının əsas səbəbi odur ki, artıq Tramp fərqindədir. Bu münaqişənin qarşını ala bilmədiyi təqdirdə özünün də nüfuzuna ciddi xələl dəyər. Amerikanın da imici korlanır.
Bu missiya, barışdırıcılıq, vasitəçilik məsələsi təhlükəli bir məqama çevrilib. Ona görə də təhlükəli coğrafiyadan çıxır. Əsaslar da, bəhanələr də var. Dünyanın başqa yerlərində də məsələlər var. Biz yalnız bu məsələ ilə mübarizə apara bilmərik. Dünyanın digər bölgələrinə, regionlarına da diqqət ayırmalıyıq. Gerçəklik ondan ibarətdir ki, Amerika tərəfi məsələnin ağırlığını anlayır. Odur ki, bu təşəbbüs bütün hallarda müsbətdir, amma faydalı, səmərəli olsun. Yəni nəticə verəcək təşəbbüs olacağına ehtimal etmirəm.
Sadəcə olaraq piyar kimi baxmaq lazımdır. Bir təbliğat faktoru kimi, yəni ABŞ admistrasiyası özü üçün sanki bir çıxış arayırdı. Bu ideya, tezis onun özünü vəziyyətdən çıxartmağa hesablanan bir ideyadır. Anlaşılan odur ki, bu gün nə Rusiya, nə də Ukrayna müharibəni dayandırmaq fikrində deyil. Etimad mühiti yoxdur. Ukrayna hakimiyyətini uzun müddət legitim saymayan Rusiya son vaxtlar ara-sıra belə bir sorunun olmadığını, hətta bir başa danışıqların mümkün olduğunu deyir. Amma savaşı, hücumları dayandırmır. Deməli bu sadəcə olaraq ritorikadır. Bir şeyi deyib başqa şeyi eləmə ənənəsi Rusiya üçün çox başa düşünüləndir, asandır. Böyük təcrübəsi, səriştəsi var. Bu ikili fəaliyyətdir. Ona görə sadəcə olaraq dünyada sülhsevər kimi görsənmək, amma gerçəkdə Ukraynanı işğal etmək, udmaq, davam etməkdir. Rusiyanın siyasəti budur".

 

Politoloq qeyd edib ki, bu baxımdan bu təşəbbüsün bir faydası olmayacaq:

 

"ABŞ doğrudan da sülh, müharibəni dayandırmaq istəyirsə, başqa bir şey edə bilər. Ukraynanı ciddi şəkildə dəstəkləməli, kömək etməlidir. Gücləndirməlidir ki, Ukrayna Rusiyanı dayandıra bilsin.
Burada danışıqlar, xoş istəklər, diplomatik təşəbbüslər məsələdə o qədər faydalı olmayacaq.
Qarşısında daha böyük güc görərsə, o zaman Rusiya dayanar, atəşkəsə, anlaşmaya da gedər. Hətta Ukrayna ərazilərini tərk edər. Amerika bu məsələdə nə qədər səmimidirsə, biz onun fəaliyyətində bunu görəcəyik.
Amma bütün hallarda prosesin qarşısı alınmayacaq. Rusiya bütün hallarda nəyin bahasına olsun, Ukraynanı işgal etmək, sonra digər ərazilərə yönəlmək fikrindədir. Ona görə də bu savaşı Amerikanın xoşməramlı təşəbbüsləri deyil. Ukraynanın göstərə biləcəyi böyük güc, dəstək bu qarşıdurmanı və savaşı dayandıra bilər".


Nuray Əliyeva