Faciəli terror aktından 16 il keçir

Tarix: 00:08 30.04.2025
2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) baş verən silahlı hücum ölkə ictimaiyyətini şoka saldı. Silahlı şəxs universitetin binasına daxil olaraq tələbələrə və müəllimlərə atəş açdı, nəticədə çoxsaylı insan həyatını itirdi və yaralandı. Hadisə müstəqillik dövrü Azərbaycanın ən qanlı terror aktlarından biri kimi tarixə düşdü.
Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov akademiyanın Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən ikinci tədris binasına daxil olaraq birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan şəxslərə “Makarov” markalı tapança ilə atəş açmışdı.
“İnformator.az” xəbər verir ki,bu faciəli terror aktından 16 il ötür.
Bu qanlı hücum nəticəsində 12 nəfər həyatını itirmiş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Daha sonra silahlı şəxs intihar etmişdi.
Bu dəhşətli hadisədə həlak olan günahsız insanları dərin hüznlə və rəhmətlə yad edirik.
Səkinəbəyim Cəfərova