İran Prezidentinin Azərbaycana Səfəri: Zəngəzur Dəhlizi Məsələsində Mövqe Dəyişikliyi Ola Bilərmi?

Tarix: 11:06 30.04.2025
İran Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından böyük əhəmiyyət daşıyır. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair razılaşmalar əldə olunsa da, diqqət mərkəzində əsasən regional layihələr və nəqliyyat dəhlizləri, xüsusilə də Zəngəzur dəhlizi məsələsi olub. Pezeşkian əməkdaşlığa, regional iqtisadi layihələrdə birgə iştirak etməyə açıq olduğunu bildirib. Bu yanaşma, İranın Zəngəzur dəhlizi ilə bağlı əvvəlki sərt mövqeyini müəyyən qədər yumşalda biləcəyini göstərir. İran bu dəhlizi təhlükə kimi deyil, yeni iqtisadi fürsət kimi qiymətləndirməyə başlaya bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib ki, İran prezidentinin bu səfəri münasibətlərdə dönüş nöqtəsi yaratmaq üçün ciddi bir imkandır:
“Bəli, bu son illərdə durğunluq yaşayan Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Siyasi sahədə olan müəyyən problemlər istər- istəməz digər sahələrdə də özünü göstərirdi. Ümid edirik ki, bu səfərdən sonra durğunluq aradan qalxar. Həm iki ölkə arasında əlaqələr genişlənər, həm də ümumi ticarətimiz daha da artar. Məsud Pezeşkian Zəngəzur dəhlizi məsələsinə toxunmadı, onun əvəzinə Araz dəhlizindən bəhs etdi. Həm İlham Əliyev, həm də Məsud Pezeşkian bu dəhlizin tikintisinin tez bir zamanda bitəcəyini bildirdilər. Bu ilin sonunda Araz çayı üzərindən avtomobil körpüsü hazır olacaqdır və bu dəhliz vasitəsilə Azərbaycan İran üzərindən Naxçıvanla əlaqəni saxlayacaq".
Siyasi şərhçi İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən də danışıb:
“Araz dəhlizi məsələsinin gündəm olması həm də onu göstərir ki, İran hələ də Zəngəzur dəhlizi məsələsində əvvəlki mövqeyinə sadiqdir".
Siyasi şərhçi Ermənistanın bu səfərə olan reaksiyalarına da toxunub:
“Düşünürəm ki, İran prezidentinin bu cür isti münasibət görməsi və özünün də belə isti münasibət göstərməsi, hər iki ölkə başçısının bir-birini dost, qardaş adlandırması Ermənistanda birmənalı reaksiya ilə qarşılanmayacaq. Yəni, bunu tənqid edənlər, bunu Ermənistana xəyanət kimi adlandıranlar da olacaqdır. Amma istənilən halda, Ermənistanın reaksiyalarından asılı olmayaraq, İran prezidentinin bu səfəri münasibətlərdə dönüş nöqtəsi yaratmaq üçün ciddi bir imkandır. Ümid edək ki, bu imkandan maksimum şəkildə istifadə olunacaq və ölkələr arasında bundan əvvəl olan anlaşılmazlıqlar baş verməyəcəkdir".
Günel Verdiyeva