Peskov: "Öz əhalisinə qarşı tank və döyüş təyyarələri göndərənlər nasistlərdir"

Tarix: 19:30 30.04.2025
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Znanie" (Bilik) cəmiyyətinin marafonunda çıxışı zamanı Qərb ölkələrini sərt tənqid edib. O, Donbasdakı vəziyyəti xatırladaraq bildirib ki, öz ölkələrinin əhalisinə qarşı tank və döyüş təyyarələri göndərənlər nasistlərdir.
Peskovun sözlərinə görə, Ukrayna böhranının başlanğıcında bəzi qüvvələr hökumətlərinə təzyiq göstərərək vətəndaş müharibəsinə səbəb olublar. "Məhz bu insanlar öz ölkələrində vətəndaş müharibəsi başlatmaq, öz əhalisinə qarşı tanklardan və qırıcı təyyarələrdən istifadə etmək üçün hökumətlərinə təzyiq edirdilər. Donbasda da eyni hadisələr baş verirdi", – Kremlin sözçüsü vurğulayıb.
O əlavə edib ki, tanklar Donbasda insanları, o cümlədən uşaqları atəşə tuturdu, döyüş təyyarələri isə Donetskin mərkəzi meydanlarını bombalayaraq qadınların, uşaqların və yaşlı insanların ölümünə səbəb olurdu. "Bu işdə iştirak edənlər nasistlərdir", – deyə Peskov sərt ifadə ilə çıxışını tamamlayıb.
TASS
Güllər Gülhüseynova