Real həyatdan qaçış və fantaziya dünyasına sığınmaq

Tarix: 20:50 30.04.2025
Müasir dövrdə bir çox insan real həyatın çətinliklərindən, stressindən və məsuliyyətlərindən qaçaraq özünü fantaziya dünyasına sığınmaqda tapır. Bu, bəzən kitablar, filmlər, video oyunlar və sosial media vasitəsilə baş verir.
Mövzu ilə əlaqədar şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil “İnformator.az”a açıqlamasında bildirib ki, adətən insanlar problemlərdən qaçmaq üçün daha rahat mühit axtardıqlarına görə real həyatdan uzaqlaşırlar:
“Bu, çox aktual bir mövzudur. Adətən insanlar real həyatda yaşadıqları emosiyalardan, təzyiqlərdən, sosial problemlərdən, uğursuzluqlardan qaçmaq üçün daha rahat və idarəolunan mühit axtarırlar. Çətinliklərdən qaçmaq insanın təbiətində var. Fantaziya dünyası, istər bir roman olsun, istər bir film olsun, istərsə də sosial şəbəkə olsun insanların nəzarət edə bildikləri və özlərini daha güclü, azad və təhlükəsiz hiss etdikləri bir mühitdir. Onlar reallığın içində özlərinə “cənnət məkan” yaradır və onları narahat edən problemlərdən uzaqlaşır. Bu, həm də bir növ emosional müdafiə mexanizmi kimi də işləyə bilir. Fantaziya dünyasına sığınmaq insanlara müsbət və ya mənfi təsir göstərə bilir. Mənfi cəhət odur ki, insan real problemlərdən qaçmaq üçün davamlı olaraq fantaziya dünyasına çəkilirsə və sosial münasibətlərdən, məsuliyyətlərdən uzaqlaşırsa, bu, asılılıq yarada bilər. Zamanla reallıqla əlaqənin zəifləməsi, insanın özünü təcrid olunmuş hiss etməsi və ciddi psixoloji problemlərlə üzləşməsinə səbəb ola bilər. Müsbət cəhət isə odur ki, qısa müddətli və balanslı şəkildə edilən fantaziyalar, öz dünyasına yönəlmə, stresin azalması yaradıcılığın artmasına və emosional rahatlamaya səbəb ola bilər. Hətta bəzi insanlar müəyyən meditativ vəziyyətlərlə, fantaziya dünyalarına girişlə reallığa qayıtmaq üçün güc toplaya bilirlər. Bu da beyinin funksiyası ilə əlaqəli vəziyyətdir. Sosial media və virtual reallığın insanların real həyatla bağını gücləndirməsi və ya zəiflətməsi barədə də iki istiqamətə baxa bilərik. Əgər sosial media və virtual reallıq real münasibətlərin, fəaliyyətlərin, həyat təcrübələrinin yerini tutarsa, bu zaman insanlar tənhalaşır, sosial bacarıqlarını itirməyə başlayır və reallıqlardan uzaqlaşa bilir. Bu, xüsusilə gənclərə və emosional olaraq həssas insanlara aiddir. Digər tərəfdən isə bu vasitələr doğru şəkildə istifadə olunarsa, insanlara yeni insanlar tanımaq, bilik əldə etmək və hətta psixoloji dəstək almaq imkanı yaradır. Məsələn, sosial şəbəkələrdə çox aktualdır ki, insanlar öz talelərini, təcrübələrini, hekayələrini paylaşır və bu, başqalarına yardım edir. Ümumiyyətlə, həyatda hər şeydə balansın olması çox önəmlidir. Hər bir istiqamətin həm mənfisi, həm müsbəti var. Dərmanı da artıq içsək, zəhərə çevrilə bilər. Ona görə də, öz vərdişlərimizə, davranışlarımıza diqqətlə yanaşaq və həmin “qızıl balans”ı həyatımızda tənzimləməyə çalışaq”.
Lalə Qurbanlı