Əs-Sisi Trampın istəyini rədd etdi

Tarix: 21:06 30.04.2025
ABŞ-nin sabiq prezidenti Donald Tramp Misir lideri Əbdülfəttah əs-Sisidən Süveyş kanalından Amerika gəmilərinin pulsuz keçidini və husilərə qarşı mübarizədə dəstək göstərməsini istəyib. Əs-Sisi isə bu tələbləri rədd edərək atəşkəsin husiləri dayandırmağın əsas yolu olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp hamını təhdid edir:
“Tramp özünü dünyanın bir nömrəli imperiyasının padşahı kimi aparır və hər kəsi təhdid edir. Birinə deyir: "Sən mənim quberniyam olacaqsan", digərinə deyir: "Kanalını ələ keçirəcəyəm". Başqasına bildirir ki, "Mənim çətirim altında olmalısan", dördüncüsünə isə "Pul ödəməlisən" deyə tələb edir. Yəni hamını təhdid edir. Bəzilərini quberniya adlandırır, rəhbərlərini isə guya qubernator təyin edir.
İndi də Misirin prezidentinə deyir ki, Süveyş kanalını pulsuz etməlisən. Özünə hörmət edən hər bir ölkə və ölkə lideri buna rədd cavabı verməlidir. Husilər isə sadəcə bəhanədir. ABŞ-nin Yaxın Şərqdə kifayət qədər hərbi gəmiləri, İran körfəzində hərbi bazaları və güclü hərbi potensialı var. O, Misirin dəstəyinə ehtiyac duymur, bu yalnız bir bəhanədir. Guya husilərlə müharibə vəziyyəti var, amma əslində belə deyil və bunu hamı bilir. Əs-Sisinin rədd cavabı da tamamilə normaldır. Bugün "yox" desələr də, sabah təhdidə və ya hansısa təzyiqə boyun əyib "bəli" deyə bilərlər. Misir, Fələstinə qarşı sərhədlərini bağlayan ölkədir. Gözlərinin qabağında qardaşlarını bombalayır, məhv edirlər, aclıqdan öldürürlər. Misir isə guya oradan terrorçuluq gələ bilər deyə, yeraltı keçidləri bağlayır. Fələstinlilərə bunu edən Misir, husilərə də eyni şeyi edə bilər. Onlarda nə ərəb qardaşlığı, nə də müsəlman birliyi anlayışı var. Bunlar Amerikanın və Qərbin adamlarıdır və onların dediklərini yerinə yetirirlər.
Osmanlı dağıldıqdan sonra həmin coğrafiyada ərəb ölkələrinin əksəriyyətində ABŞ və Britaniyanın, az qismində isə Fransanın adamları yerləşdirildi. Bu vasitə ilə həmin ölkələr və o bölgə idarə olunur".
Müsahibimizin sözlərinə görə, ola bilsin ki, ABŞ ilə Misir arasında müvəqqəti gərginlik yaşansın:
"Ancaq Misirin indiki rəhbərliyində nə vətənpərvərlik, nə ərəbçilik, nə də islamçılıq mövcuddur ki, onlar ABŞ ilə uzunmüddətli münaqişəyə girsinlər. ABŞ-nin zəiflədiyini hiss etdikdə, ona arxalarını çevirib Çinə yönələ bilərlər. Amma yenə də bir ərəb və ya müsəlman birliyi göstərməyəcəklər. Ərəb ölkələrinin siyasi sağlamlaşması üçün hakimiyyət dəyişməli, müstəqil, yalnız öz ölkəsini, ərəb və müsəlman dünyasını düşünən liderlər hakimiyyətə gəlməlidir. Bu isə hazırda barmaqla sayılacaq qədər azdır. Bəlkə də heç yoxdur. Qətərin lideri istisna olmaqla, o da hələlik Türkiyənin himayəsi altındadır. Sabah Ərdoğan hakimiyyətdən getsə, onun da vəziyyəti sual altına düşə bilər. Təəssüf ki, ərəb dünyasında ABŞ-yə qarşı birləşə biləcək başqa bir lider yoxdur. Halbuki Misir ərəb dünyasının iki əsas aparıcı ölkəsindən biridir. Onun ordusu ərəb dünyasının ən güclü ordusudur. Bütün bu potensiala baxmayaraq, Misir nəinki ABŞ-yə, hətta İsrailə qarşı belə özünü ikinci planda aparır. Fələstində öz qardaşları qırıldığı halda buna göz yumur və dolayısıyla imkan yaradır".
Səyyarə Mirzəyeva