Kreml: Moskva birbaşa danışıqlara hazırdır, Kiyevdən açıqlama eşitmədik

Tarix: 21:47 30.04.2025
Kreml sözçüsü Dmitri Peskov, Rusiyanın Ukrayna ilə hər hansı bir ilkin şərt olmadan birbaşa danışıqlara hazır olduğunu bildirib və bu mövzuda Kiyevdən hər hansı bir açıqlama eşitmədiklərini deyib.
Peskov, iştirak etdiyi “Bilgi Derneği”nin proqramında jurnalistlərin suallarını cavablandırıb.
O, Rusiya ilə Ukrayna arasındakı toqquşmaların sona çatması üçün ABŞ-nin səylərinin uğur qazanacağına ümid etdiklərini bildirib və Rusiya Prezidenti Vladimir Putinin təkliflərə açıq olduğunu vurğulayıb.
Peskov əlavə edib: “Vaşinqtonun bu prosesdə tez bir zamanda nəticə əldə etmək istədiyini anlayırıq. Lakin eyni zamanda Ukrayna böhranının əsas səbəblərinin bir gecədə həll edilə bilməyəcək qədər mürəkkəb olduğunu da başa düşürük. Nəzərə alınmalı olan çox sayda incəliklər var”.
Putinin Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara hazır olduğunu bir daha vurğulayan Peskov, bu mövqenin hələ də qüvvədə olduğunu qeyd edib.
“Bu mövzuda ,təəssüf ki, hələ Kiyevdən heç bir açıqlama və ya şərh eşitməmişik. Ona görə də Kiyevin buna hazır olub-olmadığını bilmirik”, – deyə o bildirib.
Peskov, Kiyevin bu prosesi uzunmüddətli atəşkəs kimi bir sıra ilkin şərtlərlə təşkil etməyə çalışdığını və bu halın Putinin mövqeyi ilə ziddiyyət təşkil etdiyini qeyd edib.
O, sülh prosesində razılığa gəlməli olan tərəfin ABŞ yox, Ukrayna olduğunu vurğulayaraq, “Amerika ilə deyil, Ukrayna ilə sülh sazişi imzalanmalıdır”, – deyə əlavə edib.
Peskov ABŞ-nin saziş əldə etməyə çalışdığını xatırladaraq, “ABŞ-nin göstərdiyi fövqəladə səylərə görə minnətdarıq”, – deyə bildirib.
O, həmçinin Çin Dövlət Başçısı Si Cinpinin Moskvada keçiriləcək 9 May Qələbə Günü tədbirlərində iştirak edəcəyini təsdiqləyərək, bu səfərlə bağlı hazırlıqların aparıldığını da əlavə edib.
TRT XƏBƏR
Günel Verdiyeva