Şara Trampa məktub yazdı

Bölmə: Dünya › ,
Tarix: 19:16 02.05.2025

 

Suriya Prezidenti Şara, ABŞ-nin sanksiyaları ləğv etməsi qarşılığında İsraillə münasibətlərin normallaşdırılması və İbrahim Razılaşmalarının bir hissəsi olmaq təklifini rədd edib. Suriya rəhbərliyi bildirib ki, İsrail hələ də Qolan təpələrində işğalçı kimi qalır və buna görə də İbrahim Razılaşmalarına qoşularaq İsraillə normallaşma təklifini qəbul edə bilməzlər.

 

Suriya rəhbərliyi məktubda "heç bir tərəf üçün təhlükə yaratmayacaq bir Suriya qurmağa davam etmək əzmini" vurğulayıb. Məlumata görə, Suriya rəhbərliyi həmçinin ABŞ-nin xarici döyüşçülərlə bağlı tələblərinin "Vaşinqtonla əhatəli məsləhətləşmə görüşləri tələb etdiyini" bildirib.

 

Mənbələrin verdiyi məlumata görə, Suriya hökuməti cavabında "xarici döyüşçülərlə ABŞ-nin təhlükəsizliyi üçün təhdid yaradan döyüşçülər arasında fərq qoyulmalı olduğunu" bəyan edib.

 

ABŞ Nümayəndələr Palatasının üzvləri Kori Mills və Merilin Stutsman son həftələrdə Dəməşqdə bir sıra görüşlər keçiriblər. Prezident Şara ilə də görüşən Mills, Bloomberg-ə verdiyi müsahibədə Şara ilə 90 dəqiqəlik görüşündə İbrahim Razılaşmalarının müzakirə olunduğunu, Şaranın isə "uyğun şərtlər yaranarsa" razılaşmaya qoşulmağa hazır olduğunu bildirdiyini iddia edib. Lakin Dəməşqdən gələn bu cavabla Millsin iddiaları təkzib olunub.

 

2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsraillə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması çərçivəsində İbrahim Razılaşmaları imzalanıb. Əvvəlcə BƏƏ və Bəhreynlə imzalanan bu prosesə sonradan Mərakeş və Sudan da qoşulub. Razılaşmalar diplomatik münasibətlərin qurulmasını və iqtisadi əməkdaşlığı əhatə edir. İbrahim Razılaşmalarına tərəf olan ərəb ölkələri İsraili rəsmən tanıyıb diplomatik və iqtisadi əlaqələr qurmağı və regional əməkdaşlığı artırmağı öhdələrinə götürürlər.

 

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bildirib ki, İsrailin hava hücumları ölkəsinin suverenliyini birbaşa hədəf alır. BMT Təhlükəsizlik Şurasında çıxış edən Şeybani deyib: “Bu cür hücumları leqallaşdırmaq üçün istifadə olunan xarici dəstəkli silahlı qruplar bəhanəsi artıq keçərli deyil". İsrailin Qolan təpələrindəki mövcudluğunu xatırladan Şeybani əlavə edib: “Bu məsələni dəfələrlə Şuranın diqqətinə çatdırmışıq: Qolan 50 ildir ki, qeyri-qanuni ilhaqdan sonra hələ də işğal altındadır. Bu, BMT Nizamnaməsinə açıq şəkildə ziddir".Şeybani İsrailin mülki infrastrukturu hədəfə aldığını vurğulayıb. Digər tərəfdən, yeni Suriya bayrağı Nyu-Yorkdakı BMT-nin baş qərargahında üzv ölkələrin bayraqları ilə birlikdə dirəyə qaldırılıb.

 

Haberler.com

Aygün Babayeva