MKİ Çin rəsmilərini ABŞ-yə məlumat ötürməyə təşviq edən videolar yayımlayıb

Bölmə: Dünya › ,
Tarix: 19:30 02.05.2025

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çin hökumət rəsmilərini ABŞ-ə məxfi məlumat sızdırmağa təşviq edən Çin dilində sosial media kampaniyasına başlayıb.

 

Cümə axşamı yayımlanan iki videoda Çin Kommunist Partiyasından (ÇKP) narazı olan və sonradan MKİ ilə əlaqə quran uydurma çinli məmurların hekayələri əks olunub. Ssenarilərdə ÇKP-yə uzun illər sədaqətlə xidmət etmiş, lakin sistemdəki qorxular və narahatlıqlar səbəbilə qərar dəyişən şəxslərin hissləri təsvir olunur. Videolardan birində yüksək rütbəli ÇKP üzvünü canlandıran aktyor, ətrafındakı məmurların “köhnəlmiş ayaqqabılar” kimi vəzifədən uzaqlaşdırılmasının şahidi olduğunu bildirir və bu vəziyyətin ailəsi üçün yaratdığı təhlükədən bəhs edir. “YouTube” platformasında videonun təsvirində qeyd olunur: “Həyatı boyu zirvəyə çatmaq üçün çalışan bu şəxs anlayır ki, status nə qədər yüksək olsa da, ailəsini qorumaq kifayət deyil. O, sahib olduqlarını qorumaq və taleyinə nəzarət etmək üçün MKİ ilə təhlükəsiz əlaqə yaratmağa qərar verir".

 

Facebook, Telegram, Instagram və X platformalarında yayımlanan videolarda MKİ ilə əlaqə yolları, o cümlədən Tor qaranlıq veb brauzeri vasitəsilə təhlükəsiz rabitə üsulları izah edilir. MKİ-nin direktoru Con Ratkliff Fox News-a açıqlamasında bildirib: “Bizim əsas vəzifəmiz prezident və siyasətçilər üçün kəşfiyyat məlumatları toplamaqdır. Bunun yollarından biri də məlumat verə biləcək şəxsləri əməkdaşlığa cəlb etməkdir". Çinin ABŞ-dəkisəfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Birləşmiş Krallıqda yaşayan və hazırda dissident kimi fəaliyyət göstərən Çinli iş adamı Desmond Şum bu kampaniyanı MKİ-nin Çin əleyhinə “ən aqressiv ictimai addımı” adlandırıb.


Mənbə: Al Jazeera

Qəmər Kazımzadə