Tramp İrandan neft alan ölkələri hədələyib

Bölmə: Dünya › ,
Tarix: 21:02 02.05.2025

İran və ABŞ nüvə enerjisi üzrə yeni sazişin dördüncü mərhələsinə hazırlaşır.

Vaşinqton mayın 3-nə planlaşdırılan danışıqların dördüncü raundu öncəsi aprelin 30-da İrana qarşı sanksiyaları pozduğu iddiası ilə yeddi şirkətə sanksiya tətbiq edib.

 

Sanksiyaya məruz qalan şirkətlərdən dördü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), ikisi isə İrandadır.

 

Siyahıda Türkiyə mərkəzli bir şirkət də var.

 

Bu addımın ardınca tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Romada keçiriləcək danışıqların dördüncü raundunun “logistik səbəblərə görə” daha irəli bir təxirə salındığını açıqlayıb.

 

AFP xəbər agentliyinin məlumatına görə, İran ABŞ-nin sanksiya addımını pisləyib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi deyib ki, sanksiyalar “Amerikalı qərar qəbul edənlərin ziddiyyətli yanaşmasının və diplomatiya yolunda irəliləyişdə xoşməramlılıq və ciddiliyin olmamasının açıq sübutudur”.

 

Qarşılıqlı qarşıdurmadan sonra ABŞ prezidenti Donald Tramp mayın 1-də Truth sosial media platformasında etdiyi paylaşımda İrandan neft və neft-kimya məhsulları alanları hədələyib: "İran neftinin və neft-kimya məhsullarının bütün alışları dərhal dayandırılmalıdır. İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alan istənilən ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq",-sözlərini yazıb.

 

ABŞ prezidenti həmçinin deyib ki, İrandan neft və neft məhsulları alan ölkələrin və şəxslərin ABŞ ilə “heç bir şəkildə və ya formada iş aparmasına icazə verilməyəcək”.

 

Mənbə: BBC News 

Səyyarə Mirzəyeva