“Save the Children”dən Britaniyaya çağırış: "İsrailə silah satışını dayandırın"

Tarix: 21:05 02.05.2025
"Save the Children" Böyük Britaniyanı İsrailin Qəzzaya yardımı əngəlləməsinə qarşı tədbir görməyə çağırır.
“Save the Children” beynəlxalq humanitar təşkilatı Böyük Britaniyaya çağırış edərək, Qəzzaya iki ay davam edən humanitar blokadaya görə İsrailə silah satışını dayandırmağı, məsul şəxsləri məsuliyyətə cəlb etməyi və işğala son qoymaq üçün konkret addımlar atmağı tələb edib.
“Save the Children” təşkilatının X hesabından verilən açıqlamada, İsrailin iki aydır Qəzzaya tam blokada tətbiq etdiyi bildirilib.
"Bu müddət ərzində Qəzzaya yalnız bombalar və güllələr daxil olub. Uşaqların sağ qalması üçün yemək, paltar və çadır əvəzinə hava hücumları davam edib", – deyə məlumatda qeyd olunub.
İsrailin humanitar yardımı əngəlləməsinin beynəlxalq hüququn pozulması olduğuna diqqət çəkilən bəyanatda vurğulanıb: “Humanitar yardımların ölkəyə girişini əngəlləmək qərarı dərhal ləğv edilməli və humanitar yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir. Narahatlıq ifadələri, əgər hərəkətlə müşayiət olunmursa, mənasızdır".
İngiltərə hökumətinə də ünvanlanan bəyanatda deyilir: “İngiltərə hökuməti əməkdaşlığı dayandırmalı, İsrailə bütün silah satışlarını dərhal qadağan etməli, İsrailin cəzasız qalmasına son qoymalı, bütün cinayətkarları məsuliyyətə cəlb etməli və İsrailin işğalına son qoymaq üçün addımlar atmalıdır".
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli