BMT-nin Qəzzadakı sözçüsü: Ərzaq ehtiyatları əsasən tükənib, suya çıxış mümkünsüz hala gəlib

Bölmə: Dünya › ,
Tarix: 22:10 02.05.2025

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (UNOCHA) Qəzzada fəaliyyət göstərən sözçüsü Olqa Çerevko bildirib ki, İsrailin iki aydır bütün humanitar yardım və tibbi ləvazimatların bölgəyə girişini əngəlləməsi nəticəsində ərzaq ehtiyatları əsasən tükənib, suya çıxış isə mümkünsüz hala gəlib.

 

Çerevko, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransına onlayn qoşularaq vəziyyətlə bağlı açıqlamalar verib.

O, Qəzzada yaşanan amansız reallığa diqqət çəkərək, qərarvericilərin aylardır qan içindəki uşaqları, qopmuş bədən əzalarını və yas tutan valideynləri sakitcə izlədiyini söyləyib.

Olqa Çerevko deyib: “Təxminən 18 aydır davam edən qanlı müharibədən sonra Qəzza viranəyə çevrilib. Küçələr dağıntılarla doludur və oynayan uşaqların səsləri partlayışların uğultusunda itib".

 

İsrailin iki ay öncə Qəzzaya humanitar yardım və digər ləvazimatların girişinə mane olmaq üçün sərhədləri bağladığını xatırladan Çerevko, bunun ən pis ssenari üçün geriyə sayımı başladığını vurğulayıb:

 

“Ərzaq ehtiyatları əsasən tükənib, suya çıxış mümkünsüz hala gəlib və xəstəxanalar qan ehtiyatlarının tükəndiyini bildirir. Kütləvi itkilər gəlməkdə davam edir. Qəzzada bir ay yarımdan az müddətdə 420 mindən çox insan yenidən köç etməyə məcbur olub. Onların bir çoxu yalnız geyimləri ilə, yol boyu atəşə tutularaq, həddindən artıq dolu sığınacaqlara çatıb. İnsanların təhlükəsizlik axtardığı çadırlar və digər obyektlər bombalanır".

 

“Qəzzadakı dəhşət dünya izlədiyi halda davam edir”

Çerevko vurğulayıb ki, Qəzzadakı dəhşət dünya tərəfindən izlənildiyi bir zamanda baş verməyə davam edir və bu qorxunc mənzərə ehtiyac duyulan yardımın təmin edilməsi və keçidlərin açılması halında dəyişdirilə bilər. O qeyd edib ki, keçidlər yenidən açılarsa, yardım bölgüyə hazırdır.

 

Sözçü bildirib ki, beynəlxalq ictimaiyyətin qarşısında iki seçim var: ya Qəzzanın boğulmasını və aclıq içində əzab çəkməsini izləməyə davam etmək, ya da bu amansız blokadanı qıracaq cəsarətli və mənəvi qərarlar vermək.

 

Çerevko, insanların Qəzzada davam edən qətllərə qarşı laqeyd qalmasından narahat olduğunu qeyd edərək deyib:

“Öldürülən və ya yaralanan insanların sayı artıq ölçülən bir başqa real olmayan reallığa çevrilib. 5, 10 və ya 20 il sonra uşaqlarımıza və nəvələrimizə bu dəhşəti niyə dayandıra bilmədiyimizi izah edə bilməyəcəyimizdən qorxuram. Bütün bunların bitməsi üçün daha nə qədər qan tökülməlidir?”

 

TRT XƏBƏR

Günel Verdiyeva