Aİ-dən ABŞ-yə 100 milyard avroluq cavab

Bölmə: Dünya › ,
Tarix: 21:35 07.05.2025

Avropa Komissiyası (AK), ABŞ administrasiyasının rüsumlarına cavab olaraq, Amerika mallarına qarşı 100 milyard avro dəyərində əlavə tədbirlər hazırlayır. Yeni tədbirlər paketi ABŞ ilə danışıqlarda təzyiq vasitəsi kimi nəzərdə tutulub. Aİ, ABŞ Prezidentinin 20 faizlik rüsum tətbiq etmə planlarından geri çəkilmədiyi təqdirdə, bu tədbirləri tətbiq etməyə hazırdır

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı bu paketlə, böyük ehtimalla, ABŞ-a iqtisadi cəhətdən hələ çökmədiyi mesajını vermək istəyir:

 

“Avropa İttifaqının sözünü etdiyimiz bu 100 milyard avroluq ABŞ rüsumlarına qarşı cavab olaraq təqdim etmək istədiyi paket həqiqətən də ciddi bir məsələ kimi dəyərləndirilməlidir. Təkcə ona görə yox ki, bu, köhnə müttəfiqlər arasında yaranmış razılaşmazlığın və ya böhran vəziyyətinin simvoludur. Həm də ona görə ki, biz sıradan bir məbləğdən danışmırıq.

100 milyard avro kifayət qədər böyük məbləğdir. Əgər belə böyük bir vəsait sırf bir ölkəyə qarşı, ölkənin ticarət müharibəsindəki üstünlüyünə cavab olaraq xərclənəcəksə, bu, Avropa İttifaqı ölkələrinə uzun müddət ABŞ rüsumlarından özlərini qorumaq, hətta ABŞ iqtisadiyyatına təsir göstərmək imkanları verəcək.

Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı bu günə qədər ABŞ şirkətləri üçün böyük bir bazar rolunu oynayıb. Eyni zamanda, ABŞ bazarı da Avropa İttifaqı ölkələri üçün əvəzedilməz olub.

İndi bu iki böyük bazarın – iki köhnə müttəfiqin – bir-birinə qarşı ticarət müharibəsi addımları atması, köhnə dostluğu sarsıtmaqla yanaşı, Avropanın təhlükəsizliyini də müəyyən zaman sonra risk altına sala bilər.

Çünki Avropa dövlətləri İkinci Dünya müharibəsindən sonra sənaye və sosial rifah məsələlərini hərbi sahədən daha üstün tuturdular. Onların büdcədən ayrılan vəsaitləri əsasən sosial sahələrə və texnologiya inkişafına yönləndirilib.

Hərbi sahədə isə bu gün Avropa dövlətləri ciddi boşluqlar yaşayır. Onların Çin, Rusiya və digər böyük dövlətlərə qarşı kollektiv şəkildə belə mübarizə aparmaq əzmi – yəni bütün Avropa orduları birləşsə belə – qeyri-mümkün hala gəlib. Müdafiə xərcləri son illərdə o qədər azaldılıb ki, bu dövlətlər təhlükəsizliklərini ABŞ-nin hegemonluğu altında və onun çətiri altında təmin etməyə öyrəşiblər.

 

İndi Avropa İttifaqı bu 100 milyard avroluq paketlə, böyük ehtimalla, ABŞ-a iqtisadi cəhətdən hələ güclü olduğu mesajını vermək istəyir. Belə bir paketlə Vaşinqtona bildirilir ki, əgər sən bizə qarşı radikal mövqe sərgiləsən, tariflər tətbiq etsən, ticarəti pozacaq addımlar atsan, bizim də cavab tədbirlərimiz olacaq.

Bu tədbirlər sənin bazarına, ixracına da təsir göstərəcək. Avropa nə qədər ziyan görəcəksə, ABŞ da bir o qədər ziyan görəcək. Bununla ABŞ əvvəlki siyasətə – Avropanı tərəfdaş kimi qəbul edən siyasətə – qayıtmağa məcbur edilə bilər.

Yəni Amerikanın hegemonluğunda Avropanın müdafiə arxitekturası yenidən sağlam təməllərə oturdulsun. İqtisadi əsaslar ön plana çıxsın, ticarət qorunsun, tariflər aradan qaldırılsın. Bu halda, Avropa da ABŞ ilə ticarətdə əvvəlki kimi, rüsumlar məsələsində daha diqqətli olacaq.

Çünki Donald Trampın tarif siyasəti Avropaya bir dərs oldu. ABŞ olmadan Avropa həm iqtisadi, həm də təhlükəsizlik baxımından zərbə ala bilər. Bu isə strateji gərginlik yarada bilər.

 

Hazırda həm ABŞ, həm də Avropada bir qeyri-müəyyənlik mövcuddur. Hər iki tərəf hansı addımı atacağını bilmir. Son 40-50 ildə ABŞ-nin hegemonluğu altında formalaşmış qərb gücü artıq dağılma təhlükəsi ilə üz-üzədir. Maraqlıdır ki, bu təhlükəni doğuran da məhz qərbin lideri olan ABŞ Prezidentidir.

Tərəflər bu qeyri-müəyyən şəraitdə ayrılıqda hərəkət etməyə öyrəşməyiblər. Əgər ayrılıqda hərəkət etsələr, digər böyük güclərə qarşı nə qədər uğurlu və ya uğursuz olacaqlarını belə proqnozlaşdıra bilmirlər. Hər iki tərəfin bir-birindən gözləntiləri var və bu gözləntilərə çatmaq üçün addımlar atılır".

 

Müsahibimizin sözlərinə görə, Avropa öz müdafiəsini ABŞ-nin çiyinləri üzərində qurub:

 

“Onsuz da Donald Tramp bunu açıq şəkildə ifadə edib ki, illərdir ABŞ-yə qarşı haqsızlıq edilir. Gömrük məsələləri buna bir nümunədir.

Eyni zamanda, Avropa öz müdafiəsini ABŞ-nin çiyinləri üzərində qurub. Özü isə orduya və müdafiə sahəsinə pul xərcləmək istəmir.

Yəqin ki, ABŞ bu gözləntilər yerinə yetirildiyi təqdirdə, yenidən Avropa ilə ənənəvi müttəfiqlik münasibətlərinə qayıda bilər.

Avropanın da ABŞ-dən gözlədikləri var. Onlar birdən-birə bütün sistemi dəyişib hər şeyi müdafiəyə əsaslandıra bilməzlər.

Bu, Avropada xaosa, kapital çatışmazlığına və büdcələrin qeyri-sabit vəziyyətə düşməsinə səbəb ola bilər.

Avropa dövlətləri, yəqin ki, ABŞ-dən daha səbirli davranmağı gözləyirlər.

Son vaxtlar onlar müdafiə xərclərini artırmağın yollarını axtarmağa başlayıblar. Bunun üçün zamana ehtiyacları var. Hər il addım-addım bu istiqamətdə irəliləmək istəyirlər.

Sosial və texnoloji investisiyalarla hərbi xərcləri tarazlaşdırmağa çalışacaqlar. Əgər razılıq əldə olunmasa, Aİ-nin hazırladığı 100 milyard avroluq paket ABŞ-yə ciddi təsir göstərə bilər.

Bu paket Avropa ölkələrinə imkan verəcək ki, rüsumların yaratdığı fərqləri kompensasiya etsinlər. Sahibkarlara və iri şirkətlərə dəstək ayrılacaq. Bu isə Aİ-nin uzunmüddətli müdafiə strategiyası ola bilər.

Əgər qarşılıqlı tədbirlər görülərsə və Avropa da ABŞ məhsullarına rüsumları artırarsa, bu zaman ABŞ ya dövlət büdcəsindən əlavə vəsait ayırmalı olacaq, ya da tarif siyasətinə yenidən baxmalı olacaq.

Nəticədə, hər iki tərəf ortaq nöqtəyə gəlmək məcburiyyətində qala bilər".

 

Səyyarə Mirzəyeva