Millimizin üzvü Macarıstan klubundan ayrıldı

Tarix: 09:11 08.05.2025
"Bilirsiniz ki, “Vaşaş”da 6 il çıxış etdim. Bu müddətdə bir çox mükafatlar qazandıq. Mən bu komanda ilə 5 dəfə Macarıstan çempionu və 5 dəfə kubokun qalibi oldum. Avrokuboklarda da bir sıra nailiyyətlər qazandıq".
Bu sözləri Azərbaycan qadın milli voleybol komandasının
kapitanı Ayşən Əbdüləzimova "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, elə bu komandadan da məhz uğurlarının pik səviyyəsində ayrılmaq qərarına gəlib:
"Əlbəttə bu qərarı vermək çətin oldu. Çünki 6 il az vaxt deyil, həm komandaya, həm şəhərə çox öyrəşmişdim. Amma bu, bir gün baş verməli idi. İllərlə kapitanı olduğum “Vaşaş”dan belə uğurlarla ayrıldığım üçün də şadam.
Ayrılıqdan sonra qısa və uzunmüddətli karyera planlarınma gəldikdə əvvəlki müsahibələrimdə də demişəm ki, mövsüm çox gərgin və sıx qrafiklə keçib. Həqiqətən də çox yorucu mövsüm oldu. Mənim köhnə zədəm var, həm klubda, həm də millidə müalicə olunaraq, həkimlərin nəzarəti ilə oynayıram. Hazırda konkret bir vaxt deyə bilmirəm, çünki artıq müalicəyə başlamışam və həkimlərimiz də nəzarət edir. Müalicə bitdikdən sonra qısa zamanda milliyə qoşulacağam. Hazırda planlarım yalnız milli ilə bağlıdır. İndi biz də çalışırıq ki, müalicəm mümkün qədər tez bitsin və mən də komandamıza kömək edə bilim. Yeni kluba gəldikdə isə bir neçə təklif var, amma hələki, bununla bağlı konkret qərar verməmişəm.
Qarşıdan gələn turnirlərdə iştiraka gəldikdə isə qeyd etdiyim kimi bu mənim səhhətimdən asılıdır".
Müsahibimizin sözlərinə görə, o elə bu gün komandaya qoşulub bütün oyunlara çıxmaq istəyir:
"Çünki bu milli komandadır və millinin forması ilə oynayıb komandaya kömək olmaq, qələbələr üçün çalışmaq mənim üçün hər şeydən vacibdir. Hazırda müalicə alıram, həkimlərin də yekun qərarına əsasən milliyə nə vaxt qoşulacağım bəlli olacaq".
Zəhra Möhübbətova