Kardinalar ilk gün Papa seçə bilmədi

Tarix: 23:52 07.05.2025
Çərşənbə günü Vatikanın Sistina Şapelinin bacasından çıxan qara tüstü yeni Papanın hələ seçilmədiyini göstərdi. Beləliklə, konklavın ilk günündə Roma Katolik Kilsəsinin yeni rəhbəri müəyyən edilmədi.
Yeni Papa üçün açıq favorit yoxdur. Kardinallar cümə axşamı da gizli səsvermələrlə davam edəcək. Papa Fransiskonun varisini müəyyən etməyə çalışacaqlar. 133 seçki hüquqlu kardinal Vatikan ərazisində yerləşən Müqəddəs Marta yaşayış yerinə qayıdıb və konklav başa çatana qədər orada qalacaqlar. Onlar bütün elektron cihazlarını təhvil verərək gizlilik andı içiblər. Bu andı pozanlar avtomatik olaraq kilsədən xaric edilirlər. Bu arada, dünyada yaşayan 1,4 milyard katolik yeni rəhbərin kim olacağını öyrənmək üçün gözləməli olur. Vatikanın Müqəddəs Pyotr Meydanında minlərlə insan günbatımı zamanı çıxan tüstünü izləyib. Konklavın birinci günündə Papa seçilməsi isə tarixən çox nadir hal sayılır.
Əvvəlki iki Papa – XVI Benedikt və Fransisko – ikinci gündə, onlardan əvvəlki II İohann Pavel isə üçüncü gündə seçilib. Növbəti üç gün ərzində hər gün dörd səsvermə turu – səhər iki, günortadan sonra iki dəfə keçiriləcək. Əgər beşinci gün, yəni bazar gününə qədər Papa seçilməzsə, kardinallara səsvermədən fasilə verilir və dua, düşüncə və qeyri-rəsmi müzakirələr üçün zaman ayrılır. Hazırkı konklav iki əsas düşərgənin mübarizəsi şəraitində keçirilir – biri mərhum Papa Fransiskonun islahatlarını davam etdirmək istəyənlər, digəri isə daha ənənəvi papa modeli axtaranlar. “Birləşmə” və “müxtəliflik” çağırışları altında toplanan bu düşərgələr ya sabitlik, ya da Fransiskonun yolunu davam etdirəcək namizəd axtarır.
Konklav Katolik Kilsəsini sarsıdan kilsədaxili cinsi istismar qalmaqallarının fonunda keçirilir. Bir çox kardinallar bu məsələlərin dərin islahatlar tələb etdiyini düşünür.
Mənbə: CNN
Türkan Kərimli