Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib

Tarix: 22:27 07.05.2025
Azərbaycan Hindistanla Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib.
Bəyanatda Pakistan ərazisində bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.
"Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Hindistanın Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və Hindistanın beş qırıcısını vurub.
Bu məsələ ilə bağlı Samir Hümbətov "İnformator.az" saytına açıqlamasında bildirib ki, Hindistan Kəşmirin onun ərazisi olduğunu bəyan etsə də, Pakistan bu iddialarla razılaşmır və bölgənin tarixi baxımından Pakistan torpaqları olduğunu sübut edən sənədlərin mövcud olduğunu bildirir:
"Hindistan və Pakistan arasında baş verən qarşıdurma artıq 80 ildən artıqdır davam edir. Münaqişənin əsas mənbəyi 1947-ci ildə İngilislərin regionu tərk etməsi və nəticədə Hindistanın müstəqillik əldə etməsindən sonra yaranıb. Həmin ildə müsəlmanların yaşadığı ərazilərdə müstəqil Pakistan dövləti quruldu. Bu proses Kəşmir bölgəsi üzərində mübahisələrin başlanğıcı oldu. Kəşmir məsələsində hər iki ölkə bu ərazinin özlərinə aid olduğunu iddia edir. Hindistan Kəşmirin onun ərazisi olduğunu bəyan etsə də, Pakistan bu iddialarla razılaşmır və bölgənin tarixi baxımından Pakistan torpaqları olduğunu sübut edən sənədlərin mövcud olduğunu bildirir.
1947 və 1965-ci illərdə iki ölkə arasında Kəşmir uğrunda silahlı münaqişələr baş verib. 1998 və 2006-cı illərdə isə daha qanlı toqquşmalar yaşanıb. Bu müharibələr nəticəsində çoxsaylı insan itkiləri olsa da, tərəflər hələ də münaqişəyə dair yekun razılığa gələ bilməyiblər.
Azərbaycan hər zaman qardaş Pakistan dövlətinə dəstəyini davam etdirir. Rəsmi Bakının beynəlxalq arenada ortaya qoyduğu mövqe aydındır və bu mövqe, Kəşmir məsələsində Pakistanın haqlı mövqeyinə dəstək verməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Xədicə Məhərrəmli