Ermənistan tranzit dəhlizinin yaradılması üzrə Aşqabad sazişinə qoşulacaq

Bölmə: Siyasət › ,
Tarix: 17:32 08.05.2025

Ermənistan beynəlxalq tranzit dəhlizinin yaradılması üzrə Aşqabad sazişinə qoşulacaq. KİV-ə istinadən bu qərar hökumətin iclasında qəbul edilib. Bildirilib ki, Aşqabad sazişi regionda nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ermənistan artıq on illərlə yürütdüyü təcavüzkar siyasetden nə çəkdiyini anlamamış deyil:


“Ermənistan artıq on illərlə yürütdüyü təcavüzkar siyasətdən nə çəkdiyini anlamamış deyil. Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti İrəvanı yıpratdı, erməni xalqı illərdir ki, səfalət içərisində yaşayır. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistanı hər keçən il bataqlığa sürükləyir. Artıq Paşinyan iqtidarı da II Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra çıxış yolunu özünütəcrid siyasətindən imtinada görür. Onun üçün də ora-bura baş vurmaqdadır. Bunun nəticəsi olacaqmı? Hələ ki xeyr. Çünki, nəticənin olması üçün öncəliklə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır, hər iki qardaş ölkəyə qarşı ərazi iddialarından imtina olunmalıdır. Ermənistan anlamalıdır ki, üz tutduğu Avropa ölkələrindən onun üçün nicat yolu yoxdur. Yeganə nicat yolu region ölkələri ilə sülh əmin-amanlıq şəraitində yaşamaq, yaxın siyasi-iqtisadi əlaqələr qurmaqdır. Artıq Ermənistan da Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəflərdən biri kimi çıxış edir. Bu da öncəliklə iqtisadi təcriddən çıxmaq istəyindən irəli gəlir. Aşqabaq sazişinə qoşulan Ermənistanın bu, Azərbaycanla siyasətinə necə təsir edəcəyi barədə sualınıza gəlincə, yenə də təkrar edirəm ki, sülh müqaviləsi imzalanmadan Ermənistan hansı təşkilata qoşulursa qoşulsun, Bakı ilə münasibətlər düzəlməyəcək. İstənilən halda Aşqabad sazişinə qoşulmaq Ermənistana müsbətlər gətirəcək. Düşünürəm ki, regionda təcrid olunmaqdan çıxmağa çalışan Ermənistan bu tipli layihələrdə yer almağa da bundan sonra maraq göstərəcək. Azərbaycanla sülh sazişindən sonra da əl-qolu açılacaq. Çünki, Türkiyə də sərhədlərini açacaq”.

 

Qəmər Kazımzadə