Gənc sənətkarlar bazar və dəyər mübarizəsində

Tarix: 19:57 08.05.2025
Əl işləri bir dövrün gündəlik həyat tərzinin ayrılmaz hissəsi idi. Zaman keçdikcə sənayeləşmə və sürətli istehsal fərdi yaradıcılığın və zəhmətin kölgədə qalmasına səbəb oldu. Lakin bu gün də əl işlərinə könül verən gənclər var. Onlar həm sənəti yaşadır, həm də özlərinə yeni qazanc yolları axtarırlar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan Rəssamlar ittifaqının üzvü, rəssam Əli İsmayıl Əliyev "Əl işi” ifadəsi və sənətə yanaşmadakı yanlışlar haqqında bildirib ki, zaman keçdikcə sənayeləşmə və kütləvi istehsal fərdi yaradıcılığın və zəhmətin kölgədə qalmasına səbəb olub:
"Cəmiyyətimizdə “əl işi” ifadəsi çox zaman müəyyən bir əşyanın sırf əl ilə hazırlanmasına işarə edir və adətən bazarda, sərgilərdə və ya sosial şəbəkələrdə “özgəlik” kimi təqdim olunur. Lakin bu termin əsl sənəti, ona sərf olunan fərdi zəhməti və peşəkarlığı tam ifadə etmir. Bu anlayış, təəssüf ki, cəmiyyətimizdə yanlış formada kök salıb və sənətə qeyri-peşəkar yanaşmanın göstəricisinə çevrilib. Peşəkar rəssamlar, yaradıcı şəxslər və gənc sənətkarlar hesab edir ki, bu cür əsərləri “əl işi” kimi təqdim etmək sənətin dəyərini ucuzlaşdırır. Onların fikrincə, "sənətkar", "yaradıcı gənc", "rəssam" kimi ifadələr sənətin mahiyyətini daha doğru əks etdirir. Təbii ki, bu ifadələr dekorativ-tətbiqi sənət nümunələri yaradan heykəltəraş, qrafik, dizayner və keramikaçıları da əhatə edir. Əl işləri bir dövrün gündəlik həyatının ayrılmaz hissəsi olub. Zaman keçdikcə sənayeləşmə və kütləvi istehsal fərdi yaradıcılığın və zəhmətin kölgədə qalmasına səbəb olub. Lakin bu gün də sənətə könül verən gənclər var. Onlar həm milli irsi yaşadır, həm də sənəti maddi gəlir mənbəyinə çevirməyə çalışırlar. Təəssüf ki, müasir dövrdə gənc və peşəkar sənətkarlar ciddi problemlərlə qarşılaşırlar. Əvvəllər Azərbaycan Bədii İstehsalat Fondu vasitəsilə rəssamlar müxtəlif idarə və təşkilatlardan gələn sifarişlərlə təmin olunurdu. Bu sifarişlər müəyyən qaydada və şəffaflıqla bölüşdürülür, rəssamların potensialına uyğun şəkildə paylanırdı. Həmin dövrdə rəssamlar cəmiyyətin maddi baxımdan da ən üstün təbəqələrindən biri sayılırdı. Bu sistem artıq mövcud deyil. Bədii Fond fəaliyyətini dayandırıb, ərazisinin bir hissəsi satılıb, digər hissəsi isə zəbt edilib. Nəticədə, nə gənc, nə də təcrübəli sənətkarlar dövlət və ya cəmiyyət tərəfindən dəstəklənir. Bu sahədə xaotik vəziyyət hökm sürür. Bu baxımdan, təklif olunur ki, Azərbaycan Bədii Fondu yenidən bərpa olunsun və bu fond vasitəsilə ölkə üzrə sənət sifarişləri toplanaraq, mərkəzləşdirilmiş və ədalətli şəkildə rəssamlar arasında bölüşdürülsün".
Həmçinin, rəssam sənət və bazar münasibətləri haqqında danışıb:
"Əl işləri, xüsusilə dekorativ sənət nümunələri və rəssamlıq əsərləri bir xalqın tarixini, etnoqrafiyasını və mədəni inkişafını əks etdirən vasitədir. Lakin bu dəyəri cəmiyyət bəzən yetərincə tanımır. Müasir dövrdə texnologiyanın, rəqəmsallaşmanın və süni intellektin yayılması nəticəsində sənətdə orijinallıq və yaradıcılıq güclü zərbə alır. Gənc sənətkarların bazara çıxışı isə əksər hallarda sənətin mahiyyətini və keyfiyyətini dəyişir. Bəzi gənclər sənətə peşəkar yanaşma əvəzinə, onu gəlir vasitəsinə çevirmək üçün aşağı keyfiyyətli materiallardan istifadə edir, rəssamlıq vərdişlərini kifayət qədər mənimsəmədən əsər yaratmağa çalışırlar. Süni kətanlara kimyəvi rənglərlə çəkilmiş, internetdən köçürülmüş, yaradıcılıqdan uzaq təsvirlər “əl işi” adı ilə bazara təqdim edilir. Hətta çap olunmuş şəkillərin üzərinə bir neçə yerdə boya vurmaqla bu əsərləri “orijinal” kimi təqdim edən saxtakarlıq halları da geniş yayılıb. Bütün bunlar isə sənətin dəyərini aşağı salır, ictimai zövqə mənfi təsir göstərir. Digər bir problem isə Rəssamlar İttifaqının həvəskar bölməsində peşəkar olmayan, lakin ictimai aləmdə daha fəal olan diletantların çoxluq təşkil etməsidir. Bu insanlar sosial şəbəkələrdə daha aktiv olduqları üçün cəmiyyətdə yanlış təəssürat formalaşdırırlar ki, guya Azərbaycanda sənət tənəzzülə uğrayıb. Halbuki əsl sənət nümunələrini yalnız peşəkar sərgi zallarında və muzeylərdə görmək mümkündür. Bundan başqa, xaricdən gətirilən ucuz sənət “nümunələri” də yerli bazarda çaşqınlıq yaradır, ictimai zövqü korlayır və yerli sənətkarların işini kölgədə qoyur".
Qəmər Kazımzadə