Böyük avtomobil istehsalçısı gömrük rüsumları ilə sarsılıb

Bölmə: Dünya › ,
Tarix: 20:59 08.05.2025

 

Dünyada ən çox avtomobil satan istehsalçı olan Toyota, 2025–2026 maliyyə ili üçün mənfəət proqnozunu 21 faiz azaldıb. Şirkətin bu qərarı, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsirinin artması və Yapon yeninin dəyər qazanması fonunda verilib.

 

Toyota, mart 2026-ya qədər olan dövrdə fəaliyyət mənfəətinin 3,8 trilyon yen (təxminən 26 milyard dollar) olacağını gözləyir. Bu rəqəm əvvəlki maliyyə ilində qeydə alınan 4,8 trilyon yenlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmadır. Bununla belə, proqnoz, LSEG tərəfindən keçirilmiş analitik sorğuda orta gözlənti olan 4,75 trilyon yenə yaxındır.

 

ABŞ bazarı əsas risklərdən biridir

 

Toyota yalnız ABŞ-a ixracın gömrük rüsumlarından mənfi təsirlənəcəyini deyil, həm də bu siyasətlərin ümumi istehlakçı inamını zəiflədə biləcəyini vurğulayıb. Şirkət rəsmiləri təqdimatlarında mənfəət gözləntilərinin azalmasının əsas səbəbləri kimi yenin güclənməsini, xammal qiymətlərinin artmasını və ticarət siyasətlərini göstəriblər.

 

Toyota ABŞ-da istehsal gücünü artırmaq qərarına gəlsə, onu yüksək əmək haqqı xərcləri və investisiya xərcləri gözləyir.

 

Çində rəqabət artır

Toyota-nın Çindəki satışları digər yapon markalarına nisbətən daha az azalsa da, dünyanın ən böyük avtomobil bazarında çinli istehsalçıların artan rəqabəti qarşısında satışlarını sabit saxlamaqda çətinlik çəkdiyi bildirilir.

 

TRT XƏBƏR

Günel Verdiyeva