İsrail Səna aeroportunu tamamilə dağıdıb

Tarix: 21:19 08.05.2025
Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husilərin nəzarətində olan paytaxt Sənanın beynəlxalq hava limanı İsrailin hava zərbələri nəticəsində tamamilə dağıdılıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr İsrailin apardığı siyasət nəticəsində uzun müddətdir ki, bölgəni gərginlik ocağına çevirib:
“İsrail dövləti yaranandan bəri bu cür münaqişələr yaratmaqla öz ərazisini genişləndirməkdədir. İsrail istər Suriya, istər Fələstin, istər Liviya, istərsə də İranla, hətta hazırda Türkiyə ilə münasibətlərini gərginləşdirməkdədir. Xəritədə kiçik bir əraziyə malik olan İsrailin bu qədər böyük dövlətlərlə münaqişə yaratmasının və həmin dövlətlərlə düşmənçilik siyasəti yürütməsinin səbəbi nədir?
İsraili qızışdıran və onu bu qonşularla düşmən vəziyyətinə gətirən qüvvə ABŞ-dir. İsrail də bundan istifadə edərək öz ərazisini genişləndirir. Təbii ki, bu cür münaqişələrin qarşısının alınması üçün İsrail beynəlxalq hüquq normaları çərçivəsində davranmalıdır. Təəssüflər olsun ki, İsrail “özünü müdafiə” adı altında qonşuların ərazilərini işğal edir. Son vaxtlar İsrailin apardığı siyasət heç bir norma ilə uzlaşmır. İstər Fələstində, istərsə də ümumilikdə Yaxın Şərqdə həyata keçirdiyi siyasət insanlığa qarşı yönəlib. Dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, mülki obyektlərin məqsədyönlü şəkildə vurulması beynəlxalq müharibə qanunlarına ziddir. Dünya siyasətində insan haqlarından danışan başlıca qüvvə olan ABŞ və Avropa İttifaqı İsrailin bu siyasətinə göz yumur. Deməli, istər ABŞ, istərsə də Avropa insan haqlarını yalnız məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edir”.
Ekspertin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr dünyanın iqtisadi və siyasi sisteminə birbaşa təsir edir:
“İsrailin və ABŞ-nin apardığı siyasət bir daha göstərir ki, dünya siyasəti beynəlxalq qanunlarla deyil, güclə tənzimlənir. Bu da münaqişələrin getdikcə daha da genişlənməsinə səbəb olur. Nəticədə isə mülki əhalinin kütləvi şəkildə qırılması halları artır. Bir şeyi unutmayaq ki, bəşəriyyət yaranandan bu günə qədər insanlar məqsədlərinə çatmaq üçün daim gücdən istifadə ediblər. Təəssüf ki, 21-ci əsrdə də insan şüurunda təkamül prosesi getmir. Yenə də insanlar istəklərini güc yolu ilə həyata keçirməyə çalışırlar. Əgər 100-300 il əvvəl insanlar məqsədlərinə oxla, qılıncla çatırdılarsa, bu gün müasir texnologiyalar, silahlar, raketlər, toplar və tüfənglər vasitəsilə məqsədlərini həyata keçirirlər. Bu bir daha göstərir ki, insan şüurunda təkamül prosesi baş vermir. Təəssüflər olsun ki, dünya bu cür vəhşiliklə idarə olunur”.
Asiman Vəliyeva