“Tramp Hindistan və Pakistana barış təklif edir” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:32 08.05.2025

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan rəhbərliyinə iki ölkə arasında hazırkı gərginliyin aradan qaldırılmasında yardım göstərməyə hazırdır.

Bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

 

 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki,Hindistan və Pakistan arasında ötən ayın sonlarından Kəşmirdə baş verən terror hadisəsindən sonra artıq vəziyyət çox gərgindir:

 

“Qarşılıqlı şəkildə ittihamlar, təhlükəli silahlardan istifadə etmək, hər iki tərəfdən ciddi itkilərin olması artıq əvvəllər Hindistanla Pakistan arasında müharibə ola bilərmi sualını sülh ola bilərmi? sualı ilə əvəzləyib. Bu daha çox təhlükəli bir tendensiyadır. Çünki Pakistan və Hindistan dünyada sıradan bir dövlət deyil. İnkişaf baxımından, əhalisinə, ərazisinə görə böyük dövlətlərdir. Ən vacib amillərdən biri kimi Pakistan və Hindistan hər ikisi nüvə silahına sahibdirlər. Bu tərəflərin qarşıdurmasını daha da təhlükəliliyini ortaya qoyur. Pakistan və Hindistan bu gün dünyanı iki cəbhəyə bölmək imkanına sahib olan dövlətlərdir. Bu faktorlar Pakistanla Hindistan arasındakı qarşıdurmanın təhlükəli tərəflərindən xəbər verir. Çünki Hindistanı müdafiə edən Amerika Birləşmiş Ştatları, İsrail və qərbdən olan bir sıra dövlətlər, Pakistanı müdafiə edən Çin, Rusiya, İran,Türkiyə və bir sıra digər dövlətlərdir. Rusiya-Ukrayna müharibəsi qədər təhlükəli olan bir müharibədir. Rusiya-Ukrayna müharibəsindən fərqli olaraq , bu Avropa regionunda baş verən bir proses deyil. Amma mahiyyəti baxımından bu qarşıdurma çox təhlükəli bir tendensiyadır”.

 

Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünün barışdırıcılıq missiyasını təklif edib:

 

“Tərəflər bugün hazırkı mərhələdə Amerika Birləşmiş Ştatlar kimi Fövqal dövlət dünyada baş verən proseslərə təsir etmək imkanı olan bir dövlətdir. Məhz Donald Trampın təklifi ciddiyə alınacaq. Çünki Donald Tramp seçki öncəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı barışıq vədləri verirdi. Qısa müddətdə münaqişəyə son qoyacağı ilə bağlı vədlər verirdi. Amma hakimiyyətə gəldiyindən artıq yüz günlüyüdə tamam etdi. Artıq 4 aya yaxın müddət keçib. Bu müddət ərzində Donald Tramp Rusiya-Ukrayna müharibəsində hər hansı bir ciddi uğura gətirib çıxaran addım ata bilməyib. Bu da göstərir ki, bu gün onun vasitəçiliyi məsələsi baş verən proseslərdə ciddi nəticə ortaya qoymur. O cümlədən İranla bağlı da danışıqlar prosesində də ciddi nəticə yoxdur. Pakistanla Hindistan arasında müharibənin başlamaması üçün ABŞ və digər dövlətlər kimi əlindən gələni edə bilər. Dünya dövlətləri maksimum dərəcədə çalışırlar ki, bu müharibəyə çevrilməsin. Müharibəyə çevriləcəksə , bu artıq Dünya müharibəsi səviyyəsinə qalxacaq. Bu dövlətlər dünyanın ayrı-ayrı qütblərindən dəstəklənən, nüvə silahına sahib olan dövlətlərdir. Aralarındakı münaqişə də sıradan bir münaqişə deyil. Ötən əsrin ortalarından artıq 100 ilə yaxın bir müddətdir ki, Kəşmir mövzusu müzakirə olunur. Heç bir tərəf digərinə güzəştə getmək niyyətində deyil. Bu baxımdan sülhün əldə edilməsi hələ də mümkündür. Amma istənilən an bir qığılcım geniş bir müharibəyə səbəb ola bilər. Bu da təkcə region üçün deyil, bütün dünya üçün dəhşətli bir nəticələrə gətirib çıxara bilər”.

 

 


Nuray Əliyeva