Nigeriyada Boko Haram terror təşkilatına qarşı əməliyyat

Tarix: 21:42 08.05.2025
Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində Boko Haram terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı səkkiz terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Əməliyyatın komandiri, Hadin Kai birləşməsinin nümayəndəsi Ruben Kovanqiya verdiyi yazılı açıqlamada təhlükəsizlik qüvvələrinin Borno əyalətinin Qvoza bölgəsində Boko Haram tərəfindən planlaşdırılan hücumun qarşısını aldığını qeyd edib.
Kovanqiya əlavə edib ki, hücumun qarşısı alındıqdan sonra aparılan əməliyyat nəticəsində səkkiz terrorçu məhv edilib.
2000-ci illərin əvvəllərindən etibarən Nigeriyada fəaliyyət göstərən Boko Haram, 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktları nəticəsində on minlərlə insanın ölümünə səbəb olub.
Təşkilat 2015-ci ildən etibarən Kamerun, Çad və Niger kimi sərhəd qonşularında da hücumlar həyata keçirir.
İlkin məlumatlara əsasən, təşkilatın Çad gölü hövzəsindəki hücumlarında 2000 nəfər həyatını itirib.
Ölkədə davam edən terror aktları və münaqişələr səbəbilə yüz minlərlə insan məcburi köçkünə çevrilib.
Mənbə: A Haber
Səyyarə Mirzəyeva