Vyetnam - Azərbaycan münasibətlərinin tarixində yeni səhifə

Tarix: 21:47 08.05.2025
Birgə Bəyanat Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinin əlaməti kimi qiymətləndirilir. Bu sənəd iki ölkə arasında diplomatik, iqtisadi və mədəni sahələrdə yeni mərhələnin əsasını qoyur.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Vyetnam bu gün Çin bölgəsinin mühüm ölkələrindən biridir. Taylandla yanaşı, hətta ondan da önəmli bir dövlət hesab oluna bilər:
"XX əsrdə Vyetnam ciddi faciələrlə üzləşmiş bir ölkə olub. Bu dövrdə Vyetnam üç dəfə işğala məruz qalıb: İkinci Dünya Müharibəsi zamanı, Fransız müstəmləkəçilərinə qarşı azadlıq müharibəsi dövründə, daha sonra isə 1960–70-ci illərdə ABŞ işğalına qarşı aparılan mübarizədə bütün bu sınaqlara baxmayaraq, Vyetnam öz ərazi bütövlüyünü bərpa etməyə, Şimal və Cənub hissələrini birləşdirməyə nail olub. Qeyd edilməlidir ki, bu proses kommunist ideologiyası çərçivəsində həyata keçirilib. Vyetnam xalqı böyük faciələr yaşayıb, ciddi qırğınlarla qarşılaşıb. Xüsusilə ABŞ tərəfindən kimyəvi silahların istifadəsi nəticəsində Cənubi Vyetnamda kommunist müqavimətini zəiflətmək cəhdləri ölkəyə böyük ziyan vurub. Buna baxmayaraq, ABŞ bu məqsədinə nail ola bilməyib və nəticədə Vyetnamdan geri çəkilməyə məcbur olub. Bu proses bir çox baxımdan SSRİ-nin dəstəklədiyi Əfqanıstandan ABŞ-nin çəkilməsi ilə müqayisə oluna bilər".
Ekspert həmçinin bunu da bildirib ki, son yüz ildə Vyetnam zəngin və çətin bir mübarizə tarixinə sahib olub. Bu gün isə regionda öz sözünü deməyi bacaran, nüfuzlu bir ölkəyə çevrilib. Vyetnamla Azərbaycanın əməkdaşlığı olduqca müsbət hal kimi qiymətləndirilə bilər:
"Qafqazın lider dövləti olan Azərbaycanla Çin bölgəsinin önəmli ölkəsi sayılan Vyetnamın tərəfdaşlığı hər iki ölkənin maraqlarına xidmət edə bilər. Bununla yanaşı, digər Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi də müsbət nəticələr verə bilər. Həmin bölgədə Tayland, Laos, Kamboca kimi ölkələr yerləşir. Daha geniş mənada isə Uzaq Şərq regionunun inkişaf etmiş ölkələri – dini baxımdan bizə yaxın olan Malayziya, İndoneziya, həmçinin mədəni və tarixi baxımdan oxşar cəhətlərə malik Yaponiyaya qədər – Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlar ola bilərlər. Bütün bu əməkdaşlıq münasibətləri Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirə, onun etibarlı tərəfdaş kimi qlobal miqyasda tanınmasına töhfə verə bilər. Bu istiqamətdə atılacaq addımlar şübhəsiz ki, müsbət qiymətləndiriləcəkdir".
Güllər Gülhüseynova