Azərbaycan lideri Moskva paradına qatılmır -Səbəblər nədir?

Tarix: 22:11 08.05.2025
Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının dövlət başçısının Rusiyada keçirilən paradda iştirak etməməsinin bir sıra əsaslı səbəbləri ola bilər:
"Əvvəla, Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Rusiyada bu hadisəyə dair operativ və şəffaf istintaq aparılmayıb. Məsul şəxslərin cəzalandırılmaması və kompensasiyanın ödənilməməsi ciddi narahatlıq doğurur.
Bundan əlavə, son aylar ərzində Azərbaycana qarşı həyata keçirilən kiber hücumların mənbəyinin məhz Rusiyadan qaynaqlandığına dair məlumatlar mövcuddur. Bu hücumların artması da münasibətlərin gərginləşməsinə təsir edən amillərdəndir.
Eyni zamanda, Milli Məclisin deputatına qarşı son günlərdə göstərilən hörmətsizlik də ictimai rəydə haqlı narazılıq doğurub. Rusiya daxilində fəaliyyət göstərən radikal və şovinist qüvvələrin mövcudluğu uzun illərdir məlumdur. Bu qüvvələr münasibətlərə mənfi təsir göstərə bilər".
Politoloq əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan–Rusiya münasibətlərinin yeni və daha gərgin mərhələyə keçdiyini söyləmək doğru olmaz:
"Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr normal və əməkdaşlıq yönümlü şəkildə davam edir. Rusiya həm qonşu, həm də regionda mühüm gücə malikdir. Bu baxımdan, münasibətlərin qarşılıqlı hörmət və balans əsasında davam etməsi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.
Rusiya–Ukrayna müharibəsindən sonra Cənubi Qafqaz ölkələrinə qarşı Rusiyanın aqressiv bəyanatlar verəcəyi ehtimalı var. Bu gün də belə bəyanatlara şahid oluruq. Rusiya işğalçılıq meyilli siyasəti ilə tanınır və bəzi hallarda Qazaxıstana qarşı da ərazi iddiaları səsləndirilir.
Bu reallıqları nəzərə alaraq, Azərbaycan Rusiya ilə mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətləri qoruyub saxlamalıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, mülki təyyarənin vurulması ilə bağlı Azərbaycan öz mövqeyini açıq və məntiqli şəkildə ifadə edib və bu mövqedən geri çəkilməyəcək".
Aytən Ağazadə