Polşa və Fransa təhlükəsizlik sazişi imzalayıb

Tarix: 22:50 09.05.2025
Polşanın Baş naziri Donald Tusk deyib ki, Polşa və Fransa bu gün tərəflərdən birinə təhlükə və ya hücum zamanı hərbi yardımı nəzərdə tutan qarşılıqlı təhlükəsizlik sazişi imzalayacaq.
“Bu, ümumi sərhədi olmayan ölkələr arasında bu səviyyəli ilk sazişdir. Saziş köhnəlmiş 1991-ci il müqaviləsini əvəzləyəcək”, - Tusk bildirib.
Sənəd müdafiə, enerji və infrastruktur sahələrini əhatə edəcək.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Polşa ciddi tədbirlər görür:
“Son günlər Fransa ilə Polşa arasında təhlükəsizlik sazişinin imzalanması müzakirə olunur. Öncəliklə, Polşa hazırda çox ciddi hazırlıq içindədir. Özünün sərhədlərini bərkidir, Rusiya ilə Belarus sərhədlərində ciddi müdafiə istehkamları yaradır. Eyni zamanda, hərbi xərclərini artırır. NATO ittifaqında olan ölkələrin, xüsusilə ABŞ-nin gücündən istifadə edir. Bildiyim qədəri ilə orada Amerikanın, NATO-nun üzvü olan digər dövlətlərin, hətta Almaniyanın əsgərlərinin olmasına aid məlumatlar var. Bütün bunlar Rusiyanın təhlükəsizliyi ilə bağlıdır. Ona görə də, Polşanın Baş naziri Fransa ilə əməkdaşlığa da məhz Rusiyaya qarşı müdafiə fürsəti kimi baxır. Bu sazişin imzalanması həm də onu göstərir ki, bir sıra NATO üzvü olan dövlətlər, xüsusilə Şərqi Avropada yerləşən dövlətlər yalnız NATO-nun müdafiə çətirinə ümid ola bilmirlər. Ona görə də, onlar NATO üzvü olan güclü dövlətlərlə ikitərəfli əməkdaşlıq münasibətlərini dərinləşdirirlər, əlavə müdafiə səddi qururlar. Bu baxımdan, ikitərəfli əməkdaşlığın prinsipcə NATO ilə ziddiyyəti yoxdur, əksinə əlavə köməkçi bir faktor kimi nəzərdən keçirilir”.
Politoloq sazişin Rusiya ilə əlaqəsindən də söz açıb:
“Bu saziş əslində Rusiyaya qarşı olan bir razılaşmadır. Təhlükə Rusiyadan gəlir və onlar qorunmaq üçün bu əməkdaşlığa üstünlük verirlər. Bu, özünüqoruma instinkti kimi dəyərləndirilə bilər. Amma Rusiya bu razılaşmanı NATO ölkələrinin Rusiyaya təhdidi kimi də dəyərləndirə bilər. Mənim qənaətim budur ki, bu gün Polşanın, xüsusilə müdafiə, təhlükəsizlik sahəsində həyata keçirdiyi tədbirlər daha çox Rusiyadan gələn təhlükəni ilk qəbul edən dövlət olaraq mövqelərini gücləndirir, hər hansı təhlükəyə daha ciddi şəkildə hazırlaşır. Bütün bunlar gələcəkdə Rusiyanın Avropa ölkələrinə hücumu və yaxud NATO-nun üzvü olan ölkələrə müharibə açması halına hazırlıq çərçivəsində həyata keçirən tədbirlər kimi dəyərləndirilməlidir”.
Lalə Qurbanlı