"Kognitiv qəzəb" nədir?-Psixoloq AÇIQLAYIR

Tarix: 22:10 12.05.2025
İnsanların gündəlik həyatında hiss etdiyi qəzəb həmişə açıq şəkildə ifadə olunmur. Bəzən bu qəzəb yalnız düşüncə səviyyəsində qalır və heç bir davranışa çevrilmir. “Kognitiv qəzəb” adlanan bu fenomen fərdin daxili emosional vəziyyətinin sosial normlara və şəxsi nəzarət mexanizmlərinə uyğun necə formalaşdığını göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Günel Əkbərova bildirib ki, hər birimiz bəzən qəzəblənirik. Amma bu qəzəb bəzən hadisənin özündən deyil, onun haqqında necə düşündüyümüzdən qaynaqlanır:
“Psixologiyada bu hal ‘kognitiv qəzəb’ adlanır və bu, təkcə emosional partlayış deyil, uzunmüddətli daxili ziddiyyət və emosional tükənmənin qapısını aça bilər. Kognitiv qəzəb müxtəlif hallarda emosional tükənməyə və daxili konfliktə səbəb ola bilir. Bu hallar bunlardır:
Bastırılan qəzəb: qaynadılan duyğular
Çox vaxt insanlar öz qəzəblərini ifadə etməyə çəkinirlər. Çünki “mədəni olmaq”, “başqalarını incitməmək” kimi sosial inanc sistemləri bu hissin sərbəst ifadəsini bloklayır. Amma içimizdə davamlı “niyə belə oldu?” sualı qalıb beynimizdə yenidən-yenidən dövr etdikcə, bu qəzəb emosional yorğunluğa çevrilir.
Daxili ziddiyyət: Mən necə biri olmalıyam və necə hiss edirəm
Bir tərəfimiz deyir: “Bağışla, anlayışlı ol".
Digər tərəfimiz qışqırır: “Bu sənə qarşı hörmətsizlikdir, qəzəblən!”
Bu ikili mesaj beynimizi və emosional vəziyyətimizi davamlı şəkildə gərginlikdə saxlayır.
Nəticə isə daxili ziddiyyət və özünü günahlandırma olur.
Təkrarlanan düşüncə dövrü: ağlı yoran labirintlər
Kognitiv qəzəbdə insan beynində eyni düşüncə zəncirləri dönüb-dönüb təkrarlanır:
“Niyə belə oldu?”, “O niyə belə davrandı?”, “Nəyi yanlış etdim?”
Bu düşüncələr sadəcə enerjini çəkib aparmaqla qalmır, həm də kronik stress və emosional tükənmə yaradır".
Həmçinin psixoloq sosial normların kognitiv qəzəbin dərəcəsini artırıb-artırmaması ilə bağlı da danışıb:
“Mühitə görə dəyişə bilir. Əgər sosial normalar emosiyaları basdırmağa sövq edirsə, sosial maskalara məcbur edirsə, ədalətsizlik yaradırsa, bu, təbii ki, kognitiv qəzəbi artırar.
Yox, əgər sosial normalar empatiyaya və dinləməyə söykənirsə, emosional ifadəni qəbul edirsə, bu, kognitiv qəzəbi xeyli azalda bilər.”
Nigar Həsənzadə