Yaşasın Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!

Bölmə: Siyasət › ,
Tarix: 20:45 19.06.2025

 

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin zəlzələ bölgəsində qısa müddətdə on minlərlə yeni mənzil inşa etdiyini qeyd edərək deyib: “Bu, Rəcəb Tayyib Ərdoğanın xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərir. Bu, güclü Türkiyənin təzahürüdür. Yalnız güclü bir dövlət bu qədər qısa müddətdə bu qədər böyük abadlıq və tikinti işləri görə bilər”.

 

Əliyev, Kahramanmaraşdakı Azərbaycan Qəsəbəsində 250 mininci Fəlakət Mənzili açılış və lotereya mərasimində çıxış edib.

6 fevral 2023-də baş vermiş zəlzələlərdə həyatını itirənlərə rəhmət diləyən Əliyev deyib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul edir.

 

Əliyev qeyd edib ki, on minlərlə azərbaycanlı zəlzələ qurbanlarına yardım edərək qardaşlıq borcunu yerinə yetirib.

 

Əliyev Qarabağ Müharibəsində də Prezident Ərdoğanla çiyin-çiyinə olduqlarını vurğulayaraq deyib: “Ərdoğanın müharibənin ilk saatlarından etibarən bizə göstərdiyi siyasi və mənəvi dəstək, türk xalqının bizimlə birlikdə olması gücümüzə güc qatdı. Biz tarixi ədaləti yenidən bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpaqlarında rahat və təhlükəsiz yaşayır”.

 

Kahramanmaraşı ilk dəfə ziyarət etdiyini və bundan məmnun olduğunu bildirən Əliyev deyib: “Kahramanmaraşlılar zəlzələ zamanı iradə göstərdilər. Onlar bilirdilər ki, arxalarında güclü lider Ərdoğan və güclü Türkiyə dayanır. Bu, Kahramanmaraşlıların dövlətlərinə və liderlərinə bağlılıqlarını göstərir. Zəlzələ bölgəsində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmət və sevgisini çatdırıram. Bilin ki, Azərbaycanda sizin 10 milyon qardaşınız var. Azərbaycanlılar da bilir ki, 80 milyondan çox türk qardaşımız var. Yaşasın Türkiyə-Azərbaycan birliyi və qardaşlığı”.

 

TRT XƏBƏR

Lalə Qurbanlı