Türkiyədə təhsilə aparan yol-YÖS və TYS imtahanlarının əhəmiyyəti

Tarix: 21:45 19.06.2025
Son illərdə Türkiyədə təhsil almağa artan maraq xüsusilə Azərbaycan gəncləri arasında diqqət çəkir. Bu maraq fonunda isə YÖS və TYS kimi imtahanlara hazırlıq xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu imtahanlar tələbələrin qəbul prosesində həlledici rol oynayır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Türkiyədə təhsil üzrə mütəxəssis, TYS və TÖMER müəllimi Fatimə Babazadə bildirib ki, son illərdə ölkəmizdə və dünyada minlərlə xarici tələbə təhsil üçün Türkiyəni seçməkdədir. Bu, diqqət çəkən amillərdən biridir:
“Əsasən türksoylu ölkələrdən, o cümlədən Azərbaycandan olan gənclər və övladlarının təhsili üçün narahat olan valideynlər Türkiyə universitetlərinə böyük maraq göstərirlər. Bu marağın artmasının əsas səbəblərindən biri həm keyfiyyətli təhsil sistemi, həm də tələbələr üçün yaradılan geniş imkanlardır. Türkiyə universitetlərində iki şəkildə təhsil almaq mümkündür: attestatla və YÖS proqramı ilə. Attestatla təhsil sistemi əsasən abituriyentin 11 illik məktəbi bitirməsi və qiymət cədvəlinin (transkriptin) əsas götürülməsi ilə həyata keçirilir.
Digər bir yol isə YÖS proqramıdır. Bu proqram üzrə arzu edən 9, 10 və 11-ci sinif şagirdləri imtahana hazırlaşaraq topladıqları ballarla Türkiyə universitetlərinə qəbul oluna bilirlər.
YÖS və TYS imtahanları xarici tələbələrin Türkiyədə ali təhsil alması prosesində mühüm rol oynayır və qəbul mərhələsində əsas yer tutur”.
Təhsil üzrə mütəxəssis əlavə edib ki, Türkiyə universitetlərinə qəbul olmaq istəyən xarici vətəndaşlar üçün YÖS imtahanı əsas amillərdən biridir:
“Rəsmi adı ilə Yabancı Uyruklu Öğrenci Sınavı olan bu imtahan tələbənin məntiq, riyaziyyat və analitik düşünmə (İQ) bacarıqlarını yoxlayır. Hazırda Türkiyə universitetlərinin əksəriyyəti TR-YÖS nəticələrini əsas götürür. Bəzi hallarda isə YÖS imtahanı olmadan Türkiyədə universitetə qəbul olmaq çətin, bəzən isə ümumiyyətlə mümkün olmur.
Akademik dilin gündəlik danışıq dilindən fərqli olduğunu bilirik. Universitetə qəbul olduqdan sonra dərslər türk dilində aparılır. Bu dərsləri anlayaraq izləmək üçün tələbə TYS və ya TÖMER imtahanlarından ən azı B2 və ya C1 səviyyəsində nəticə əldə etməlidir.
TYS (Türkçe Yeterlik Sınavı) imtahanı tələbənin türk dilində oxuma, yazma, dinləmə və danışma bacarıqlarını qiymətləndirir. Tələbə bu imtahandan B2 və ya C1 səviyyəsində nəticə əldə etdikdə, əlavə hazırlıq mərhələsini keçmədən birbaşa fakültə təhsilinə başlaya bilir. Bu isə həm vaxt, həm də maliyyə baxımından əhəmiyyətli üstünlük yaradır.
TYS imtahanı Yunus Emre Enstitüsü tərəfindən ildə üç dəfə keçirilir və beynəlxalq səviyyədə tanınır. Buradan əldə olunan sertifikat yalnız universitetə qəbul üçün deyil, eyni zamanda gələcəkdə iş tapmaqda və digər ölkələrdə təhsil almaqda da əlavə üstünlüklər yaradır.
Bir çox insan TYS ilə TÖMER imtahanlarını qarışdırır. Hər ikisi türk dili ilə bağlı olsa da, bu iki anlayış arasında bilməli olduğumuz mühüm fərqlər mövcuddur. TÖMER – Türk Dilini Öyrətmə Mərkəzidir və hər bir universitetin nəzdində fəaliyyət göstərir. Burada türk dili tədris olunur və kursun sonunda TÖMER sertifikatı təqdim edilir. Bu sertifikat bəzi universitetlər tərəfindən qəbul edilsə də, digərləri yalnız rəsmi TYS nəticəsini əsas götürür. TÖMER öyrədir, TYS isə tələbənin nə qədər bildiyini rəsmi sənədlə sübut edir”.
Müsahibimiz sözlərində gənclərin təhsildəki seçimi və vətənə töhfəsi məsələsinə də toxunub:
"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Türkiyə arasındakı dostluq əlaqələri daha da möhkəmlənmişdir. Bu münasibətlər həm ticarət, həm də təhsil sahəsində özünü göstərməkdədir.
Türkiyədə təhsil almaq istəyi sadəcə dəb deyil, planlı və məqsədyönlü bir seçimdir. Təhsilin keyfiyyəti, mədəni və dil yaxınlığı, eləcə də geniş imkanlar gənclərin bu ölkəyə marağını hər il artırmaqdadır.
Xarici ölkələrdə təhsil almaq, bir tərəfdən müsbət hal sayılsa da, digər tərəfdən narahatedici nəticələr doğura bilər. Belə ki, bir ölkənin gəncləri həmin dövlətin gələcəyini formalaşdıran əsas qüvvədir. Təhsil üçün xaricə gedən gənclər bəzi hallarda vətənə dönmək istəmirlər ki, bu da ölkənin savadlı kadr potensialının azalmasına səbəb olur.
Lakin xarici ölkələrdə təhsil alıb vətənə dönən gənclərin Azərbaycanın gələcəyini daha da gözəlləşdirəcəyinə və ölkənin inkişafına mühüm töhfə verəcəyinə inanıram".
Nigar Həsənzadə