“Əgər İran hakimiyyəti təhlükə altına düşsə, beşinci kolonlar hərəkətə keçəcək”-Siyasi şərhçi

Tarix: 19:52 20.06.2025
İran İsrail tərəfində münaqişəyə müdaxilə etməyi qərar verən hər hansı ölkəyə dərhal cavab verəcəyini açıqlayıb. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb:
“Əgər bu hərəkətlərə hər hansı üçüncü tərəf müdaxilə etsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək”.
Ədalət Hüquq Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a müsahibəsində İran-İsrail münaqişəsi ilə bağlı suallarımızı cavablandırıb.
"İranın bu bəyanatı regionda hansı yeni alyansların yaranmasına səbəb ola bilər?
– Bu bəyanat əsasən ABŞ-yə ünvanlanır. Çünki İsrailin İran üzərində üstünlük qazanması üçün ABŞ-nin dəstəyi şərtdir. Lakin ABŞ münaqişəyə birbaşa qoşulmaqdan çəkinir. Əgər ABŞ prosese qoşulsa, İran ilk növbədə Suriya və İraqda yerləşən ABŞ hərbi bazaları və diplomatik korpuslarını hədəf alacaq.
İranın bu ölkələrdə güclü beşinci kolonu mövcuddur. Əsədin devrilməsindən sonra həmin qruplar gözləmə mövqeyində qalıblar. Əgər İran hakimiyyətinin mövcudluğu sual altına düşərsə, bu qruplar hərəkətə keçəcəklər. Bu isə ABŞ-nin Yaxın Şərqdəki mövqelərinə ciddi təhdid yaradar.
Bununla yanaşı, ABŞ daxilində İranın vurulmasına qarşı olan qüvvələr kifayət qədər güclüdür və onlar Trampın hakimiyyətə gəlməsində rol oynayıblar. Buna görə də Tramp maksimum çalışır ki, məsələ diplomatik yolla həll olunsun. İranın nüvə silahı əldə etməyəcəyinə dair verdiyi təminat Netanyahunun “İranın nüvə təhdidi” arqumentini zəiflədir.
Bunun nəticəsində ABŞ-İran arasında razılaşmanın mümkünlüyü artır. Lakin Netanyahu və ABŞ daxilindəki sionist lobbi Trampa ciddi təzyiqlər göstərirlər. Tramp da daha sərt mövqe nümayiş etdirərək, İranın hətta dinc məqsədlər üçün uranı zənginləşdirməsini dayandırmasını tələb edir.
Danışıqlar davam edərkən İsrail İrana hücum edir və bu, ABŞ-İran danışıqlarını pozur. Bu isə Trampın mövqeyi ilə ziddiyyət təşkil edir.
İndi ABŞ gözləmə mövqeyindədir. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi bundan sonra müəyyənləşəcək. Əgər Netanyahu İranla bağlı nəticə əldə edə bilməsə, planlar ona qarşı işləyə bilər. Nəticədə İsrailin teokratik koalisiyasının zəifləməsi və çöküşü ehtimalı artır. Bu isə Trampın və ümumiyyətlə Avropa İttifaqı ölkələrinin maraqlarına uyğundur.
Buna görə də Netanyahu bütün gücü ilə nəticə əldə etməyə çalışır. Bu, onun son şansıdır. Əgər uğursuzluq olarsa, İsraildə ona qarşı etirazlar artacaq, Həmasla bağlı məsələlər və korrupsiya ittihamları yenidən gündəmə gələcək, məhkəmə perspektivləri ortaya çıxacaq.
İranın bu bəyanatı regional münaqişəni qlobal qarşıdurmaya çevirə bilərmi?
– Qlobal qarşıdurma riskinin olmadığını düşünənlər çoxdur. Lakin bu risk hər zaman mövcuddur. Çünki münaqişə İranla əməkdaşlıq edən ölkələri – xüsusilə Rusiya və Çini narahat etməyə bilməz.
Rusiya prezidentinin mətbuat katibi Peskov və Təhlükəsizlik Şurasının sədr müavini Medvedyevin açıqlamaları, eləcə də Çin liderinin üstüörtülü bəyanatı İrana dəstək ehtimalını gücləndirir.
Hazırda dəstəyin gizli şəkildə verilməsi ehtimalı yüksəkdir. MAQATE-nin İsraili tənqid edən açıqlaması dünya ictimai rəyinin İsrail əleyhinə formalaşmasına işarə edir. Bütün bunlar isə prosesin uzanmasına gətirib çıxara bilər. Bu isə İsrail hökumətinin maraqlarına tamamilə ziddir.
Münaqişə nə qədər uzansa, İranın müqavimətini qırmaq bir o qədər çətinləşəcək. Bu isə üçüncü qüvvələrin prosesə qoşulma ehtimalını artırır. Bu, həm region, həm də dünya üçün fəlakət ola bilər. Eyni zamanda, üçüncü qüvvələrin müdaxiləsi diplomatik pəncərənin açılmasına da səbəb ola bilər.
İran və İsrailin danışıqlar prosesinə qayıtması mümkündürmü?
– Danışıqların bərpası İranın müdafiə qabiliyyətindən, ABŞ-nin mövqeyindən, həmçinin Çin və Rusiyanın siyasətindən asılıdır. Münaqişənin uzanması və İranın müqavimətinin davam etməsi danışıqlar üçün əsas şərtdir".
Aytən Ağazadə