Yaxın Şərqdə müharibə, qlobal bazarda --NEFT BAHALAŞIR

Tarix: 00:26 21.06.2025
Yaxın Şərqdə baş verən gərginlik dünya iqtisadiyyatına ciddi təsir göstərməkdədir. İsrail və İran arasında 5 gündür davam edən qarşıdurma qlobal enerji bazarlarında qiymət sıçrayışına səbəb olub.
Aprel ayında keçmiş ABŞ Prezidenti Donald Trampın tarif siyasəti nəticəsində 60 dollara qədər enən Brent markalı neftin bir barreli, münaqişənin ilk günü iyunun 13-də 7 faiz bahalaşaraq 74 dollara çatıb. Ticarət sessiyaları zamanı bu göstərici 78 dollara qədər yüksəlib. Bu, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin ilk günündən bəri ən böyük gündəlik artım hesab olunur.
İran dünya üzrə ən böyük neft ehtiyatlarına sahib ölkələrdən biridir və Çinə əsas ixracatçıdır. 2020-ci ildən bu yana ölkədə neft hasilatı 75 faiz artaraq sutkada 3,4 milyon barelə çatıb. Bu müddətdə neft və qaz ixracından gəlirlər 4 dəfə artaraq 2024-cü ildə 78 milyard dollara yüksəlib ABŞ sanksiyalarına baxmayaraq.
Bazar iştirakçılarını narahat edən əsas məqam isə İranın Hörmüz boğazını bağlaya biləcəyi ehtimalıdır. Qeyd edək ki, bu boğaz vasitəsilə gündəlik 20 milyon barel neft və qlobal LNG ixracının 21 faizi daşınır. Hələlik təhlükə hipotetik sayılsa da, artıq Yaxın Şərqdən Çinə neft nəqlinin dəyəri 20-30 faiz bahalaşıb. Bəzi tanker operatorları isə reysləri ləğv etmək məcburiyyətində qalıb.
Şənbə gecəsi İsrail İranın neft və qaz infrastrukturuna ilk zərbələrini endirib. Hücumlar Cənubi Pars qaz yatağı və Tehranın əsas neft anbarı Şahranı hədəf alıb. Bununla belə, ölkənin əsas ixrac terminalı olan Xarq adası hələlik hücumlara məruz qalmayıb.
Kpler analitik şirkətinin baş analitiki Homayoun Falakshahiyə görə, əgər İsrail və ya ABŞ İranın neft ixracını hədəfə almaq niyyətində olarsa, Xarq adası bir nömrəli hədəf ola bilər. İran həmçinin Cask şəhərindəki terminaldan alternativ ixrac marşrutu hazırlasa da, onun gücü kifayət qədər deyil.
İlkin şok dalğasından sonra neft qiymətlərində sabitləşmə müşahidə olunur. İyunun 16-da Brent markalı neft 71 dollara enərək sonradan 73 dollarda qərarlaşıb. Analitiklər bunu investorların gərginliyin miqyası ilə bağlı nikbin gözləntiləri ilə izah edir.
Bundan əlavə, İranın İsraillə mümkün atəşkəsə və ABŞ-la nüvə sazişi üzrə danışıqlara qayıtmaq niyyətində olduğu barədə yayılan məlumatlar qiymətlərin enməsinə səbəb olub. Reuters yazır ki, Səudiyyə Ərəbistanı, Qətər və Oman atəşkəs üçün vasitəçilik təklif ediblər.
Ekspertlər nə deyir?
Analitiklər müharibənin qeyri-müəyyən xarakter daşıdığını bildirərək, qiymət proqnozlarında ehtiyatlı davranırlar. Onların fikrincə, əgər vəziyyət daha da dərinləşməzsə, uzunmüddətli bahalaşma ehtimalı aşağıdır.
JP Morgan Brent markalı neftin illik orta qiymətini 60 dollar səviyyəsində proqnozlaşdırır. Lakin Hörmüz boğazı bağlanarsa, qiymətlərin 120–130 dollara qalxacağı istisna edilmir.
Goldman Sachs ilin sonuna kimi 60 dollar proqnozunu saxlayır, lakin İranın infrastrukturu ciddi zərər görərsə, qiymətlərin 90 dollara yüksəlməsi mümkündür.
Morgan Stanley isə proqnozunu yeniləyərək növbəti rüb üçün qiymətin 67,5 dollara çatacağını bildirib.
Nərmin Kazım