"Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” -Netanyahu

Tarix: 23:28 20.06.2025
İsrailin Baş naziri Benyamin Netanyahu raket hücumuna məruz qalan Bat Yam şəhərinə səfər edib.
Bu haqda “The Jerusalem Post” məlumat yayıb.
Baş nazir burada İranın hava zərbələri ilə bağlı açıqlamalar verib:
“İran qəsdən törətdiyi dinc əhalinin qətlinə görə çox ağır bədəl ödəyəcək. Biz məqsədlərimizə çatacaq, onlara böyük güclə zərbə vuracağıq.
Düşünün ki, İranın İsrail şəhərlərinə atmağa nüvə silahı olsaydı, nə olardı... Biz xilasetmə müharibəsinə başladıq və bunu gücümüzlə edirik. Əsgərlərimiz, pilotlarımız İran səmasındadır”.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, İranın nüvə silahı əldə etməsi, nəinki bölgədə, o cümlədən, beynəlxalq səviyyədə ciddi təhlükələr yarada bilər:
“Netenyahunun açıqlamaları beynəlxalq ictimaiyyətə mesaj xarakteri daşıyır. O, qeyd edir ki, İranın nüvə silahı olsaydı, tamamilə fərqli mənzərə olardı, İran İsrailin dinc yaşayış məntəqələrini atəşə tutardı. Netenyahunun rahat olmasının əsas səbəblərindən biri İsrailin hərbi gücü və yüksək texnoloji silahları bu savaşda həlledici rola malikdir. Bundan başqa, İsrail İran daxilində çox ciddi şəbəkə qurub və məhz bu agentura şəbəkəsinin sayəsində İran daxilində kifayət qədər rahat hərəkət edə bilir. Bu əməliyyatların ilk iki günü onu göstərdi ki, İsrail İranın daxilində vurduğu hədəflərin əksəriyyəti ilə bağlı kifayət qədər dəqiq məlumatları var.
İsrailin əsas tərəfdaşlarından biri ABŞ hücumu tam şəkildə dəstəkləməsə də, İsrailə lazım olan dəstəyi verir. İrana da xəbərdarlıq edib ki, İsrailə qarşı başladılacaq əks hücumlarda ABŞ İsrailin yanında olacaq.
Bundan başqa İsrail-İran arasında olan savaş olduqca ciddidir. Biz də İranla qonşu olan dövlətik və savaş bizim regionumuzda gedir. Əlbəttə ki, onun təsirləri bizim bölgəyə də yayılacaq. Buna görə də, Azərbaycan ilk günlərdən dövlətləri danışıqlar masasına dəvət edir. Bu savaş genişlənəcəksə, İrandan böyük qaçqın kütləsi Azərbaycana gələ bilər və bu da Azərbaycan üçün ciddi sosial-iqtisadi problemlər və təhlükə yarada bilər.
Beynəlxalq təşkilatların bu məsələyə münasibəti standartdır. Onlar tezliklə məsələnin dialoqlarla həll edilməsinə çağırırlar.
İranın nüvə silahı əldə etməsi, nəinki bölgədə, o cümlədən, beynəlxalq səviyyədə ciddi təhlükələr yarada bilər. İranın nüvə proqramı ilə bağlı fəaliyyətlərinin durdurulması bütün bölgənin marağındadır. Bu məsələyə beynəlxalq təşkilatlar da müdaxilə edir. Nəzərə alaq ki, artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yaydığı məlumata görə, İran və İranın zənginləşdirdiyi Uran ehtiyatları 6-7 raket nüvə başlığının hazırlanmasına yetərli səviyyədədir”.
Fatimə Şahverdiyeva