Piylənmə- əsrin bəlasıdır desək, yanılmarıq - Natəvan Kərimova

Bölmə: Sosial › ,
Tarix: 16:39 23.06.2025




Dünyada ən geniş yayılan xroniki xəstəliklər sırasına daxildir.
Statistikaya görə planetin hər 3-cü sakini artıq çəkidən əziyyət çəkir və bu rəqəm 2030-cu ildə
dünya əhalisinin 2 milyardını əhatə edəcək.
Piylənmə- maddələr mübadiləsinin pozulması nəticəsində piyin dəri altı və digər toxumalara yığılması və bədən kütləsinin artmasıdır.

 


Etialogiyasına görə piylənmənin bir neçə növu var.
Ən geniş yayılan növü sadə piylənmədir . Səbəbi alimentar (qida) faktor və hipodinamiyadır.
Yəni İzafi qida qəbulu ilə enerji sərfi arasındakı balans ciddi şəkildə pozulur. Bu da piy toxumasını təşkil edən hüceyrələrin( adipositlərin) hipertrofiyası ilə yanaşı, saylarının da sürətlə artmasına səbəb olur. Toxumalarda neytral trigliseridlərin normadan artıq depolanması baş verir. Bundan başqa artıq çəkidən əziyyət çəkən insanların piy toxumasında iltihab mediatorları sintez olunur ki, bu da onların müxtəlif xəstəliklərə yoluxma riskini artırır.
Piylənməyə səbəb olan digər vacib faktorlar arasında irsiyyət, endokrin xəstəlikləri, uzun müddətli hormonal preparatların qəbulu,hamiləlik və laktasiya dönəmi də yer almaqdadır.
Yuxu pozğunluğunun da çəkinin tədricən artmasında rolu vardır. Çünki yuxusuzluq , aclıq hormonu olan qrelinin sintezini artırır və iştahanı açır.
Ona görə də gec saatlara qədər oyaq qalan insanlarda gecə aclığı baş verir.
Xroniki stresə məruz qalan insanlar bəzən böyük miqdar qida qəbulu ilə özlərini rahatladırlar. Bu da tədricən çəki artımına səbəb olur.

 


Yeniyetmə dövründə hormonal dəyişiklik fonunda gənc nəsildə zərərli qida vərdişləri( BKİ ) bədən kütlə indeksinin tədricən artmasına, prediabetə yol açır; qızlarda yumurtalıqların polikistozu, menstrual pozğunluq , oğlanlarda süd vəzilərinin hiperplaziyası və ginekomasti müşahidə olur;
Piylənmə, ürək- damar sistemi xəstəlikləri( hipertoniya, insult, miokard infarktı) 2-ci tip şəkərli diabet, metobolik sindrom, qaraciyər piylənməsinə və sonsuzluğa səbəb olur.
Rast gələn əsas əlamətləri: təngənəfəslik, ürəkdöyünmə, oynaq və onurğa ağrıları, ümumi zəiflik, tərləmə, ödem, qəbizlik;
Vaxtında Həkim- dietoloqlara müraciət etməklə, siz artıq çəkinizdən azad olmaqla yanaşı, piylənmənin səbəb olduğu fəsadların, xroniki xəstəliklərin qarşısını almış olacaqsınız!
Sağlığınıza dəyər verin.
Sağlam bədəndə sağlam ruh olar!


Abşeron Rayon Mərkəzi Xəstəxanasının Həkim-dietoloqu Natəvan Kərimova