İsrail açıq-açıq müharibə elan edib

Tarix: 13:06 17.07.2025
İsrail ordusu Şamda yerləşən Baş Qərargahın giriş hissəsini və Prezident iqamətgahını vurub. Suriyadakı druzları qoruma bəhanəsi ilə ölkəyə hücumlar təşkil edən İsrail rəhbərliyi yeni təhdidlər səsləndirərək, “Günlərlə davam edəcək müharibəyə hazırıq, Suriyada 160 hədəfi vurduq”,- deyib.
İsrail ordusu Suriyaya edilən hücumlarla bağlı görüntülər və məlumatlar paylaşıb. Bildirilib ki, Şamda yerləşən Baş Qərargah binasına edilən hücumla eyni vaxtda Prezident Sarayı da hədəf alınıb. Hücumun “xəbərdarlıq” məqsədilə edildiyi irəli sürülüb.
Digər tərəfdən, İsrail Suriyaya ən azı 160 hava hücumu həyata keçirdiyini və günlərlə davam edəcək müharibəyə hazır olduqlarını açıqlayıb. Açıqlamada qeyd olunub: “Bazar ertəsindən bəri Suriyada, əsasən Süveyda bölgəsində olmaqla 160-dan çox hədəf vurulub. İsrail ordusu bir neçə gün davam edəcək toqquşmalara hazırlaşır, eyni zamanda İsrail və Suriya arasında dolayı danışıqlar davam edib. İsrail Ordusu həmçinin Qolan Təpələrinə iki diviziya yerləşdirməyə, bölgəyə pilotsuz uçuş aparatları və qırıcı təyyarələr daxil olmaqla hava qüvvələrini yönəltməyə hazırlaşıb".
Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən verilən açıqlamaya görə, toqquşmalarda ölənlərin sayı 248-ə çatıb. Bildirilib ki, druz qruplarından 21-i mülki olmaqla 92 nəfər, bədəvi qruplardan 18 nəfər və təhlükəsizlik qüvvələrindən isə 138 nəfər həyatını itirib.
Haberler.com
Aygün Babayeva