Çinin smartfon bazarında son 18 ayda ilk azalma müşahidə olunub

Tarix: 21:35 17.07.2025
2025-ci ilin ikinci rübündə Çinin smartfon bazarında son 18 ayda ilk dəfə tənəzzül qeydə alınıb. İstehlak tələbinin zəifləməsi fonunda ümumi satışlar azalaraq bazarda durğunluq yaradıb. Bununla belə, “Huawei” dörd ildən sonra yenidən liderliyə yüksəlib.
Reuters agentliyinin IDC analitik şirkətinə istinadla yaydığı məlumata görə, hesabat dövründə Çində ümumi smartfon tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,0% azalaraq 69 milyon ədədə düşüb. Analitiklər bu azalmaya səbəb kimi hökumət subsidiyalarının zəifləməsi, iqtisadi qeyri-müəyyənlik və istehlakçı inamının aşağı səviyyədə olmasını göstərirlər.
Bazar payının 18,1%-ni əldə edən Huawei, bu nəticə ilə son dörd ildən sonra ilk dəfə lider mövqeyini bərpa edib. Lakin şirkətin tədarükləri də 3,4% azalaraq 12,5 milyon ədədə enib ki, bu da bazardakı ümumi eniş tendensiyasını əks etdirir.
Apple isə 9,6 milyon ədəd tədarüklə beşinci sırada qərarlaşıb. Şirkətin bəzi iPhone modellərində qiymət endirimlərinə baxmayaraq, satışları 1,3% azalıb. Bu, ardıcıl səkkizinci rüb üzrə azalma deməkdir, lakin əvvəlki rübdəki 9%-lik enişlə müqayisədə azalma tempi zəifləyib.
Ən kəskin tənəzzül isə ikinci yerdə qərarlaşan Vivo şirkətinə aiddir. Onun tədarükləri 10,1% azalıb. İlk beşlikdə tək artım nümayiş etdirən brend isə dördüncü pillədə qərarlaşan Xiaomi olub.
Mənbə: Caliber
Aytən Ağazadə