9-cu sinif imtahanı necə keçdi? - Şagirdlər danışdı, nəticə tarixi açıqlandı
Minlərlə şagirdin iştirak etdiyi 9-cu sinif buraxılış imtahanının ikinci mərhələsi başa çatıb. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirildiyi bu mərhələdə sualların çətinlik səviyyəsi və nəticələrin nə vaxt açıqlanacağı isə ən çox maraq doğuran məsələlərdəndir.
“İnformator.az”a danışan imtahan iştirakçısı Gülbahar Aslanova bildirib ki, imtahanda fənlər üzrə suallar ümumilikdə orta səviyyədə olub:
“Azərbaycan dili və ingilis dili nisbətən normal idi, bir az düşündürücü suallar da var idi. Riyaziyyat fənninin açıq tipli sualları isə çox çətin idi”.
Digər şagird Nuray Qurbanlı isə imtahanın asan keçdiyini qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti Afərim Seyidova bildirib ki, imtahan sualları tam şəkildə proqramı əhatə edib və şagirdlərin tədris prosesi ərzində qazandıqları biliklərə əsaslanıb:
“İmtahanda mövzular, yəni suallar tam şəkildə proqramı əhatə edib. Şagirdin aşağı siniflərdən 9-cu sinfə qədər keçdiyi alt standartlar üzrə bütün mövzular suallarda öz əksini tapıb. Suallar əhatəli və əlaqəli şəkildə hazırlanıb. DİM sualları peşəkar yanaşma ilə tərtib edib və illər keçdikcə testlərin səviyyəsində müəyyən dəyişikliklər müşahidə edilir. Bu, mükəmməl yanaşmadır. Dövlət İmtahan Mərkəzinin peşəkarcasına hazırlanan suallarını hər il görürük. Ötən illərlə müqayisədə testlərin səviyyəsi tədricən artır. Yeni test modelləri hazırlanır və müəllimlər, şagirdlər hər il yenilənən tiplərlə tanış olurlar. Bu da ümumi keyfiyyətin yüksəlməsinə səbəb olur”.
Ekspert qeyd edib ki, imtahan suallarında məktəb proqramından kənar mövzulara rast gəlinməyib:
“Azərbaycan dili üzrə suallar tam alt standartlara uyğun idi. Burada əsasən şagirdlərin bacarıq, diqqət və məntiqi yoxlanılırdı. Oxuyub-anlama və dil qaydaları üzrə tapşırıqlar da ədəbi dil normalarına uyğun şəkildə hazırlanıb”.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin sektor müdiri Xanlar Xanlarzadə “İnformator.az”a bildirib ki, imtahanlar Bakı şəhərinin bir neçə rayonu ilə yanaşı, respublikanın digər şəhər və rayonlarını da əhatə edib və ümumilikdə 25 şəhər və rayonda təşkil olunub:
“İmtahanların keçirilməsi üçün 216 məktəb ayrılıb, prosesin idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, həmçinin 4800 nəzarətçi cəlb olunub. Ümumilikdə 52 687 şagirdin imtahanda iştirakı gözlənilirdi”.
DİM-in rəsmisinin sözlərinə görə, imtahan nəticələri hazırda emal mərhələsindədir və təxminən 5 həftə ərzində yekun nəticələrin elan olunması nəzərdə tutulur:
“Yazılı cavab tələb edən tapşırıqlar olduğu üçün yoxlama prosesi vaxt aparır. Növbəti buraxılış imtahanı 26 aprel tarixində keçiriləcək və bununla da 9-cu siniflər üzrə yekun qiymətləndirmə prosesi başa çatacaq”.
Mehriban Yariyeva