9-cu sinif imtahanları necə keçdi? – SUALLARIN SƏVİYYƏSİ İLƏ BAĞLI RƏSMİ AÇIQLAMA
9-cu sinif buraxılış imtahanının ilk mərhələsi 5 aprel 2026-cı il tarixində keçirilib və bu mərhələ şagirdlərin orta məktəb dövründə qazandıqları bilik və bacarıqların ilkin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmtahan bu il ümumilikdə üç mərhələdən ibarətdir:
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti Afərim Seyidova bildirib ki, bu il buraxılış imtahanı normal səviyyədə keçib:

“İmtahanlar orta, bəziləri asan səviyyədə idi. Sualların əksəriyyəti məktəb proqramına tam uyğun hazırlanıb. Azərbaycan dili üzrə fonetikadan morfologiyaya, sintaksisdən mətnlərin oxuyub-anlamasına qədər bütün mövzular əhatə olunub. Sual tipləri Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi nümunələrə uyğun idi, məktəb proqramından kənara çıxış yoxdur”.
Afərim Seyidova əlavə edib ki, mətnlər üzərində yoxlanan bacarıqlar şagirdlərin biliklərindən daha çox praktik bacarıqlarını ölçməyə hədəflənib:
“Şagird mətndəki sözlərin mənalarını bilir, cümlə kontekstində istifadə edə bilir, sözün həqiqi və məcazi mənasını fərqləndirir, mətnin məzmununu anlaya bilir. Bu baxımdan imtahan kurikulum standartlarına tam cavab verir”.
Ekspert qeyd edib ki, kolleclərə qəbul balı bu il əvvəlki illərlə müqayisədə çox dəyişməyəcək:
“Suallar orta və asan səviyyədə olduğundan qəbul balında artım gözlənilir. Prestijli kolleclər və ixtisaslarda bal yüksələcək, amma müsabiqə şərtini ödəyən şagirdlər də regionlarda və özəl kolleclərdə yerləşdiriləcək”.

DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin sektor müdiri Xanlar Xanlarzadə isə “İnformator.az”a bildirib ki, aprel ayının 5-də Bakı şəhərinin bir neçə rayonunda, eləcə də respublikanın digər şəhər və rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə ilk buraxılış imtahanları keçirilib:
“9-cu sinif şagirdləri imtahan verib və imtahan keçirilən yerlərdə 200-dən artıq imtahan binası ayrılıb. İmtahanların idarə olunması üçün 5.000-dən çox imtahan rəhbəri, ümumi rəhbər, nəzarətçi və buraxılış rejimi əməkdaşı bu prosesdə iştirak edib. İmtahanda 49.700-dən artıq şagirdin iştirakı nəzərdə tutulub, həmçinin 54 sağlamlıq imkanları məhdud şagird üçün xüsusi zallar ayrılıb. İlkin məlumatlara görə, 4 şagird mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və hazırda araşdırma aparılır. Onu da qeyd edək ki, imtahana gedərkən sənədlərdə diqqətli olun. Şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini özünüzlə gətirməlisiniz. Həmçinin, şəxsiyyət vəsiqəsində şəkil yoxdursa, məktəbə müraciət edin. Məktəb sizə möhürlü, şəkilli arayış verəcək və onu imtahana gətirməlisiniz”.
Xanlarzadə əlavə edib ki, imtahan nəticələrinin açıqlanması bir qədər vaxt alacaq:
“Burada yazı tələb edən tapşırıqlar da var və onların yoxlanılması marker müəllimlər tərəfindən həyata keçirilir. Təqribən 6 həftə ərzində nəticələr elan olunacaq”.
Nurgün Qənizadə