ABŞ Çin və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Çin və Şimali Koreyadakı fiziki və hüquqi şəxsləri hədəf alan yeni sanksiyalar tətbiq edib.
Mövzu ilə əlaqədar “İnformator.az” açıqlamasında politoloq Telman Nüsretoğlu açıqlamasında bildirib ki, heç şübhəsiz ki, Amerika özünün qlobal hegemoniyası üçün əsas təhdid olaraq Çini görməkdədir:
“Yəni həm sənayesi, yüksək texnologiyası, iqtisadi gücü, həm də dünya sistemində oynadığı rolla götürsək, təbii ki, Amerikanın bütün baxımlardan, hətta nadir elementlər də buraya əlavə olunsa, Çin bunların yüksək texnologiya sahəsində istifadə olunan əsas mənbəyidir. Çin bu nadir elementləri yüksək texnologiya məhsuluna çevirmək üçün sənaye qurmuş bir ölkədir. Dolayısı ilə bütün baxımlardan Amerika soyuq müharibə bənzəri bir siyasət izləyir. Yəni bir tərəfdən diplomatik təmaslar davam edir, Çindən Rusiyaya olan dəstəyin kəsilməsini arzulayırlar, Çini müəyyən bir məcraya daha konstruktiv bir istiqamətə gətirməyə çalışırlar. Amerikanın pəncərəsindən baxdığımız zaman bu konstruktiv hesab edilə bilər və ya Amerikanın maraqlarına daha çox uyğun gələn bir məcra kimi görünür. Bu xüsusilə vergiləndirmə və ticarət münasibətlərinin tənzimlənməsi sahəsində özünü göstərir. Amerika bu yolla iqtisadi balansı qorumağa çalışır. Amma Çin öz gücünü çox yaxşı bilir. Bu anlamda Amerikanın siyasəti Şimali Koreya ilə Rusiyanın bir-birinə yaxınlaşmasına və əməkdaşlığı, ittifaqı artırmasına gətirib çıxaracaq. Bu sanksiyalarla ABŞ daha böyük hədəflərə çata biləcəyini düşünür”.
Səadət Əlizadə